“Büdcə təşkilatları üçün beynəlxalq mühasibat uçotunun əsasları” adlı iki günlük təlimə start verilib

Təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisinin cəlb olunduğu təlim Mərkəzin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Tədbirdə Mərkəzin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və gündəlik barədə məlumat verib və təlimin ilk modulu – “Mühasibat hesabları, maliyyə bərabərliyi və ikili yazılış sistemi” mövzusunda çıxışı dinlənilib. Çıxış zamanı mühasibat uçotunun mahiyyəti və funksiyaları, baş mühasibin vəzifələri, balansda baş verən dəyişmə tipləri, yeni hesablar planının və mühasibat hesablarının quruluşu, maliyyə bərabərliyi düsturunun mahiyyəti, mühasibat uçotunda ikitərəfli yazılışın üsulu və digər mövzular ətrafında slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib.
Təlimin ikinci günündə Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun təqdimatı ilə “Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtib və təqdim edilməsi” mövzusunda təlim keçiriləcək. Mövzuya müvafiq olaraq müəssisələrdə aparılmış əməliyyatların mühasibat uçotu reyestrində əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması barədə məlumat veriləcək.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək, digər iştirakçıların növbəti imtahanlara cəlb olunması təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti

---
  • 682
Sosial şəbəkələrdə biz