Hərbi sahəsində çalışan maliyyə-mühasibatlıq üzrə mütəxəssislər üçün kurs keçirilib


5-7 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hərbi sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici kurs keçirilmişdir. Nazirliyin tədris zalında keçirilən kursda Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 23 nəfər iştirak etmişdir. Üç gün ərzində keçirilən kursda Hərbi hissələrdə maliyyə-mühasibat işinin aparılması, hərbi hissələrdə xərclərin formalaşdırılması və ödənilməsi mexanizminin təkmilləşdirilməsi, hərbi qulluqçularının istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması qaydaları, hərbi hissələrdə vergi uçotunun təşkili, xəzinə əməliyyatlarının aparılması və ümumi maliyyə intizamının daha da yaxşılaşdırılması, inkişaf etdirilməsi kimi mövzular üzrə təlimlər keçirilmişdir.

Kursun ilk günündə iştirakçıların qeydiyyatı aparılmış, onları maraqlandıran sahələrin və daha çox tələb etdikləri istiqamətlərin sorğusu keçirilmişdir. Daha sonra Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdir müavini – Hüquq-mühafizə orqanlarının maliyyəsi sektorunun müdiri Sənan İmanovun və Naxçıvan şəhər Maliyyə şöbəsinin müdiri Ramil Kərimovun, sonrakı günlərdə isə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun, Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdir müavini-Xəzinə əməliyyatı sektorunun müdiri Ülvi Cəfərovun, Nazirlik aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun müvafiq mövzular üzrə elektron vəsaitlərdən geniş istifadə olunmaqla hazırlanmış mühazirələri dinlənilmişdir. Hər kurs gününün sonunda iştirakçılara sorğu anketlərin paylanılmış, onların irad və təklifləri alınaraq Mərkəzin işinin daha da yaxşılaşdırılması hədəflənmişdir.Maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, sağlam təməl əsasında formalaşan maliyyə sisteminin inkişafına və hərbi hissələrdə xərc əməliyyatlarının daha təkmil qurulmasına möhkəm zəmin yaradacaqdır.Təlimin son günündə keçirilmiş təlimlərlə bağlı praktiki tapşırıqlar verilmiş, mübahisə yaradan mövzular iştirakçılarla birlikdə həll edilmişdir.Kursun yekununda iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir.

DAVAMI
  • 9
Sosial şəbəkələrdə biz