“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə görüş keçirilib.

Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşı 25 oktyabr 2018-ci il tarixində “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.


Tədbiri İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə giriş sözü ilə açaraq adıçəkilən Sərəncamın önəmini vurğulayaraq qeyd etmişdir ki, Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın aid təşkilatlarına hamiliyə verilmişdir. Sərəncamda qarşıda duran əsas vəzifələrdən biri tədrisin vəziyyətinin yaxşılaşdırılması və bununla bağlı hami təşkilatların müvafiq köməklik göstərməsidir. Fakültə dekanı onu da qeyd etmişdir ki, Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq “Naxçıvan” Universitetində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətlidir.

Nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin baş məsləhətçisi Roman Hüseynov “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda çıxış edərək büdcə gəlirləri barədə, Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olması haqqında və 2017-ci ilin büdcə gəlirləri ilə müqayisədə cari ilin büdcə gəlirlərində yaranan artımı cədvəl və diaqramlarla tələbələrin diqqətinə çatdırmışdır.

Sonra Nazirliyin “Büdcə” şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək Azərbaycan Respublikasının büdcə sistemi haqqında geniş məlumat vermişdir. O, büdcə sisteminin tərkib hissəsi olan Naxçıvan MR-nın büdcəsinin gəlirləri barəsində danışaraq tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırıb.

DAVAMI
  • 174
Sosial şəbəkələrdə biz