Zəngilansız 25 il

Oktyabrın 29-da respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görürdü. Əks-təqdirdə ikinci Xocalı faciəsi yaşana bilərdi.


Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi. İqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi.

Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda idi. İndi ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də işğalçılar tərəfindən talan edilir. Rayonun ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə salınıb. Qoruqdakı qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirlər.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

DAVAMI
  • 188

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 oktyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.


Tədbiri giriş sözü ilə açan universitetin İqtisad fakültəsinin dekanı, Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamının muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın inkişafından danışan Əşrəf Ələkbərov elmi-praktik tədbirlərin mütəmadi olaraq keçirilməsinin, Universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrinə təcrübi biliklərin öyrədilməsinin zəruriliyini qeyd etmişdir.

Nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin baş məsləhətçisi Aqil Nəsirov “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda çıxış edərək büdcə gəlirləri barədə, Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olması haqqında və 2017-ci ilin büdcə gəlirləri ilə müqayisədə cari ilin büdcə gəlirlərində yaranan artımı cədvəl və diaqramlarla tələbələrin diqqətinə çatdırmışdır.

Sonra Nazirliyin “Büdcə” şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxışında Azərbaycan Respublikasının büdcə sistemi haqqında və büdcə sisteminin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri barəsində danışaraq tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

DAVAMI
  • 207
Sosial şəbəkələrdə biz