Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi qeyd olunub
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev bildirib ki, 100 il bundan əvvəl Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə Maliyyə Şöbəsi yaradılıb. Bununla da maliyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub. Sonradan müxtəlif adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
Qeyd olunub ki, ötən 100 il ərzində Maliyyə Nazirliyi böyük tarixi inkişaf yolu keçib, qurum hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 2007-ci ildə istifadəyə verilən nazirliyin inzibati binası 2017-ci ildə müasir şəkildə yenidən təmir olunub, maddi-texniki bazası daha da gücləndirilib.