İstehsalat təcrübəsində olan tələbələrlə layihə həyata keçirilmişdir
“Naxçıvan” Universitetinin Maliyyə və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisası üzrə istehsalat təcrübəsinə cəlb olunan tələbələr arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihə həyata keçirilib. Layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına stimul verir. Sərəncamın icrası ilə əlaqədar tələbələrə peşə vərdişləri aşılanır. Həmçinin Maliyyə Nazirliyinə istehsalat təcrübəsinə cəlb olunan tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün lazımi işlər görülür. 25 aprel “Sahibkarlar Günü” münasibətilə təşkil olunan layihənin həyata keçirilməsində də məqsəd gənclərdə ilkin sahibkarlıq anlayışlarının formalaşdırılması və onlarda mövcud olan sahibkarlıq bacarıqlarının müəyyənləşdirilməsi, eyni zamanda uğurlu biznes ideyalarının seçilib reallaşdırılması üçün maliyyə savadlılığının artırılmasıdır.