“Gənclərdə büdcə savadlılığı” adlı layihə davam edir

Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və genişəhatəli layihələr həyata keçirilir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamla bağlıdır və əhatə dairəsi artırılaraq digər təhsil müəssisələrində də keçirilməsi planlaşdırılır. Tələbələrin bu layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyat təcrübəsinə yiyələnmələrinə kömək göstərir.

Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayır. Layihə cərçivəsində növbəti təlim 20 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində baş tutub.

Universitetin iclas zalında keçirilən təlimə “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Menecment”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə 80-dən çox tələbə cəlb olunub.

Tədbiri giriş sözü ilə Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq təlimin iştirakçılarını salamlayıb və təşkilatlarla birgə təşkil olunan tədbirlərin faydalarından, tələbələrə müsbət təsirlərindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb.

Daha sonra tədbirin proqramına uyğun olaraq Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda  hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında ətraflı məlumat verilib.

Növbəti çıxış isə Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev tərəfindən olmuş, “Ailə büdcəsinin tərtibi və onun tətbiqi”  mövzusunda təlim aparılmışdır. Mövzuya müvafiq olaraq gənclərdə ailə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.

         Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub. Əlavə olaraq qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


DAVAMI
  • 0
  • 78

Kargüzarlıq işinin təşkili ilə bağlı təlim keçirilib

 

21 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Kargüzarlığın qanunvericiliyə uyğun təşkili” adlı təlimə start verilib. 3 saat müddətində planlaşdırılan təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 25 mütəxəssis cəlb edilib.
DAVAMI
  • 129

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. 
Mərkəzin Tədris Plan-qrafikinə uyğun olaraq təlimlər muxtar respublika dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatlarının aidiyyəti işçilərini əhatə edəcək.
DAVAMI
  • 124

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyətinin yekunları

Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən qədim Azərbaycan torpağı Naxçıvan bu gün öz intibah dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən çiçəklənir. Qarşıya qoyulan bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, lazımi islahatların vaxtında aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması muxtar respublikanın uğurlu gələcəyini təmin edir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi də öz növbəsində muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Məhz, yüksəkixtisaslı kadrların hazırlanması da bilavasitə maliyyə sisteminin gələcək inkişafının təminatıdır.

Mərkəzdə ilkin fəaliyyətin təşkil olunması və tədrisə start verilməsi istiqamətində işlərə başlanmış, təlim materialları və təlimçilərin hazırlığı prosesi aparılmışdır.

Fəaliyyətinin müasir tələblərə cavab verməsinin təmin olunması istiqamətində muxtar respublika rəhbərliyin xüsusi diqqət və qayğısı sayəsində Mərkəzin maddi – texniki bazası gücləndirilmiş, yeni tədris zalı, elektron lövhə və ən son texnoloji təminata sahib 25 ədəd kompüter istifadəyə verilmişdir. Bu təşəbbüslər də öz növbəsində tədrisin daha müasir şəkildə həyata keçirilməsinə imkan vermiş, fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadənin təmin edilməsinə zəmin yaratmışdır.

Fəaliyyətinin ilk ilində Mərkəzin əsas məqsədi təlimlərin yüksək səviyyədə təşkili olmuş, ekspertlər və mütəxəssislərin cəlb edilməsi, təlim materiallarının hazırlanması, dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçilərinin tədrisə cəlb edilməsi, bilik səviyyələrinin qiymətləndirilməsi, təlim haqqında məlumatların kütləvi informasiya vasitələri və internet səhifələrinə yerləşdirilməsi işləri görülmüşdür.

Təsdiq olunmuş tədris planlarına əsasən keçirilməsi nəzərdə tutulan təlimlər üçün tədris materialları hazırlanmış, bu sahədə mövcud olan qabaqcıl təcrübə və elmi-praktik nailiyyətlər mənimsənilmiş, Mərkəzin fəaliyyətində tətbiq edilmişdir.

Mərkəz tərəfindən qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılmışdır. Bundan asılı olaraq Mərkəzdə müxtəlif təlim müddətli qruplar təşkil olunmuş, müvafiq tədris planları və proqramları işlənib hazırlanmışdır. Muxtar respublikanın rayon və şəhərlərindən təhsil, səhiyyə, mədəniyyət, hərbi və hüquq-mühafizə, kommunal sahəsində, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında fəaliyyət göstərən maliyyə və mühasibat işçiləri kurslara cəlb olunmuşdur.

Əsasən dörd gündən ibarət təşkil edilən təlim paketləri, 4 və ya 5 moduldan ibarət olmaqla 12 tədris saatı şəklində tərtib olunmuşdur. Mərkəz ötən il üçün müvafiq ekspertlərlə işləyib hazırladığı “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” təlimi, smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatları əhatəli şəkildə iştirakçılara çatdırmağı hədəf almışdır. Təlim paketində praktiki iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması mərhələləri həyata keçirilmişdir. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra tədris planının tələblərini yerinə yetirən dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir. Təlimçiləri bütün tədris zamanı ekspertlər müşahidə etmişdir ki, bu da öz növbəsində təlimin keyfiyyətinin artırılmasına müsbət təsir etmişdir. Hər kurs gününün sonunda iştirakçılara sorğu anketlər paylanılmış, onların irad və təklifləri nəzərə alınaraq Mərkəzin işinin daha da yaxşılaşdırılması hədəflənmişdir. Mərkəz müasir texnologiyalardan tədris işlərinin təkmilləşdirilməsi üçün səmərəli şəkildə istifadə edir. Belə ki, təlimləri və təlimçilərin qiymətləndirilməsi üçün elektron sorğu anketlər, dinləyicilərin peşəkarlıq səviyyəsini öyrənmək məqsədilə test bazası yaradılmışdır.

2018-ci il ərzində Mərkəz tərəfindən muxtar respublikanın mərkəzi və yerli icra orqanları və hüquq-mühafizə orqanları, rayon və şəhər təşkilatları, habelə digər dövlət idarə və müəssisələri üzrə 178 təşkilat olmaqla 250 nəfər maliyyə və mühasibat işçisini əhatə edən 13 kurs təşkil olunmuşdur.

Tədris prosesində daha effektli nəticə əldə etmək məqsədilə Mərkəzin tədris materiallarının hazırlanmasına aidiyyəti sahələrdə biliyə malik şəxslərin, alimlərin və elm adamlarının, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarının cəlb olunması təmin edilmişdir. Təlimlərin dinləyicilərə yüksək səviyyədə çatdırılması da diqqət mərkəzində saxlanılmış, bu məqsədlə ötən il ərzində ümumilikdə 17 mütəxəssis təlimçi qismində dəvət edilmişdir. Təlimçi – ekspertlər Maliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı, əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları olmuşdur.

Həmçinin Əsasnaməsinə uyğun olaraq Mərkəz tədris plan və proqramlarını, elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirmək işini də həyata keçirir. Belə ki, 2018-ci ildə Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə beynəlxalq təcrübənin öyrənilməsində mühüm əhəmiyyətə malik olan “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr etdirilmişdir.

Görülən mühüm işlər sırasında dinləyicilərin gündəlik işlərində onlara faydalı olacaq təlim materiallarını özündə əks etdirən məlumatların kitab şəklində çap edilməsidir. Belə ki, kitablar təlim müddətində dinləyiciləri müşayiət etdiyi kimi, təlimin sonunda vəsaitlərə ehtiyac duyanlara paylanılır. Müvafiq sahəyə aid normativ-hüquqi aktları, sənəd formalarını, təlimatları, qaydalar və misalları özündə ehtiva edən material işçilərin gələcək fəaliyyətində ciddi müraciət obyektinə çevrilir.

Bundan əlavə, təlimin istiqamətlərinə uyğun modullar haqqında qısa məlumatdan ibarət bukletlər hazırlanıb dinləyicilərin istifadəsinə verilmişdir. Ümumilikdə fəaliyyət dövründə Mərkəz tərəfindən 1 lüğət, 10 istiqamətdə 400 tədris materialı, 2 istiqamətdə 165 buklet və 500 nüsxədə məlumat kitabçası nəşr olunmuşdur.

Fəaliyyəti ərzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimlərin təşkili ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlərin davamı olaraq 11 dekabr 2018-ci il tarixində Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində ilk təlimin də keçirilməsinə nail olunmuşdur. Tədbirdə müvafiq ixtisasda təhsil alan 100-dən çox tələbə iştirak etmiş, fəal tələbələrə müvafiq fərqləndirici sertifikatlar və plaketlər təqdim olunmuş, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilmişdir. Mərkəz gələcək fəaliyyətində də bu cür layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Mərkəz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 18 may 2018-ci il tarixdə Naxçıvan şəhərində Kiçik və Orta Sahibkarlıq subyektləri üçün keçirilən təlimin və 14 dekabr 2018-ci il tarixdə “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının tətbiqi” ilə bağlı təlimin təşkilatçılığında fəal iştirak etmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə Mərkəz tərəfindən keçirilən təlimlər 2019-cu ilin 7-11 yanvar  tarixlərində 5 gün ərzində gündə iki dəfə təşkil olunaraq tədris planına əsasən bütün nazirlik, komitə və təşkilatlarla birlikdə ümumilikdə 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə etmişdir. Büdcə təşkilatları ilə yanaşı sözügedən qanunvericilikdəki dəyişikliklərlərin həm də sahibkarlıq subyektlərində tətbiqini təmin etmək üçün Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində baş tutan təlimlər 2019-cu ilin 14 – 18 yanvar tarixlərini əhatə edərək 5 gün ərzində təşkil olunmuş və muxtar respublikada fəaliyyət göstərən 580 müəssisədən 702 sahibkar və maliyyə – mühasibatlıq işçisini əhatə etmişdir.

Ötən dövr ərzində Mərkəz tərəfindən keçirilən təlimlər haqda məlumatların mütəmadi şəkildə qəzet, radio, televiziya və internet vasitəsilə ictimaiyyətə çatdırılması da daim diqqət mərkəzində saxlanılmışdır. Bu günədək olan fəaliyyəti ərzində ümumilikdə 16 qəzet materialı, 12 televiziya müsahibəsi və materialı, 150 ədəd müxtəlif internet resursu Mərkəzin fəaliyyətinin işıqlandırılmasını təmin etmişdir.

Maliyyə Tədris Mərkəzi gələcək dövrlərdə də öz funksiyalarını ən yüksək şəkildə həyata keçirərək, muxtar respublikada dayanıqlı maliyyə mühitini dəstəkləyərək ehtiyac yaranan sahələrdə maarifləndirmə və məlumatlandırma işini həyata keçirəcək, Maliyyə Nazirliyi tərəfindən muxtar respublikada aparılan ümumi maliyyə intizamının təmin olunması işində əzmlə çalışacaq.

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti

DAVAMI
  • 84

Naxçıvan-Azərbaycanın qədim diyarıdır


İndiyədək Naxçıvan sözünün mənşəyi və etimologiyası barədə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif fikirlər meydana çıxmışdır. Mənbələrdə Naxçıvan sözünün əsasən Naxsuana, Aksuana, Nəşavə, Akçıobon, Nəqçuan, Naxçirvan, Naxcivan, Nəqşi-cahan şəklində işlədildiyi barədə məlumatlar mövcuddur. Bu onomastik vahidlərin hərəsi müxtəlif tarixi mərhələlərdə yaranmış və həmin dövrün ictimai-siyasi şəraitinin nəticəsində formalaşmışdır.

Belə ki, Naksuana coğrafi adı yunanlara, Aksuana saklara, Nəşəva ərəblərə, Nəxçir ifadəsi, yaxud Naxçı tayfa bildirən sözlər parfiyalılara, Nəqşi-cahan söz birləşməsi isə farslara aid mənbələrdə özünə yer almış, zaman-zaman yayılaraq genişlənmişdir. Tədqiqatçılardan Avropa yönlü araşdırma aparanlar yunan mənbələrinə, yəni Klavdi Ptolemeyin «Coğrafi təlimlər» kitabına, şərqşünaslar isə ərəbdilli və farsdilli mənbələrə üstünlük vermişlər. Fikrimizcə, digər bu tip anlayışlarla yanaşı, Naxçıvan sözünün etimologiyasını izah edərkən daha çox əcnəbi qaynaqlara istinad olunması həm də keçmiş sovet hakimiyyəti zamanı milli söyköklə bağlı məsələlərin xalqın özünə məxsus qədim mənbələr, ilkin qaynaqlar əsasında öyrənilməsinin məhdudlaşdırılması ilə bağlı olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra nəhayət ki, bu istiqamətdə ciddi və əhəmiyyətli tədqiqatlar meydana çıxmağa başlamışdır.

      Müşahidələr göstərir ki, Muxtar Respublikanın ərazisində Naxçıvan sözü ilə səslənən yerli materiallar arasında Dünya tufanı hadisəsi ilə və Nuh peyğəmbərlə bağlı toponimlər, əfsanə və rəvayətlər çoxluq təşkil edir. Belə ki, regionda Nuhdaban, Nuhəcir (Nəhəcir), Nuhram (Nehrəm) kimi qədim yaşayış yerləri ilə əlaqədar toponimlərin, habelə Nəbi yurdu (Peyğəmbər yurdu), Qaranquş yaylağı, Naharbaşı məscidi (Ordubad) kimi yer adlarının, Peyğəmbər ayağı adlı əraziyə dair toponimlərin çağımıza qədər yaşaması burada Nuhun tufanı hadisəsinin dərin iz qoyduğunu nəzərə çarpdırır.

     Fikrimizcə, qeyd olunan toponimlərin Naxçıvan diyarındakı məşhur Gəmiqayaya yaxın ərazilərdə yerləşməsi Nuhun tufanı hadisəsinin bu regionla bağlılığı etimalını daha da qüvvətləndirir. Həmin baxımdan yanaşdıqda Nuh peyğəmbərin gəmisinin son dayanacaqlarından biri kimi ehtimal olunan Gəmiqayanın sağ və sol ətəklərindəki Nürgüt, Nüvədi kimi yaşayış yerlərinin adlarının da müəyyən səviyyədə Nuh hadisəsi ilə səsləşdiyini ehtimal etmək olar. Hətta Gəmiqayanın qabaq-qənşərindəki Naxçıvandan çox da uzaqda olmayan cənub ərazilərində tərkibində Nuh elementi olan Nəhənd, Nehran, Nehram, Nəhqan kimi toponimlərin olması qeyd edilən ehtimalı gerçəkliyə daha da yaxınlaşdırır. Özündə qədim tarixin izlərini əks etdirən bu qəbildən olan çaxsaylı toponimlər Naxçıvan diyarının Dünya tufanı, Nuh peyğəmbər hadisəsi ilə əlaqədar olduğunu diqtə edir. Bütün bunlar isə Naxçıvan sözünün Nuhçıxan, yəni həzrəti Nuh peyğəmbərin gəmisinin gəlib çıxdığı məkan olduğu barədəki mülahizələrin reallığına inamı artırır. Məşhur Gəmiqaya rəsmlərində üzərində qayıq, gəmi, tufan, qasırğa təsvirlərinin geniş yer tutması da toponimlərdə yaşayan həqiqətlərin təbiət abidəsində də öz əksini tapdığına şahidlik edir.

        Nuhçıxan sözü Naxçıvan adının ilk əsas variantlarından biridir. Naxçıvan ərazisindəki Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi olan, 3906 metr yüksəklikdə yerləşən Qapıçıq zirvəsi bəşəriyyətin babası həzrəti Nuh peyğəmbərə dünya tufanından sonra torpağa qədəm basmaq üçün açılmış kiçik qapı, yaxud ilk giriş yeridir. Yaxası ilin bütün fəsillərində qarla örtülü olan Qapıçıq zirvəsi sanki dünya sularında Nuh peyğəmbərin xilaskarlıq simvolu kimi qaldırdığı ağ bayrağın rəmzi kimi də görünür. Qapıçıq, eyni zamanda, Nuh peyğəmbərin əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı da deməkdir. Ordubad rayonundakı Nəsirvaz kəndinin adı “Bilqamıs” dastanında Nuh peyğəmbərlə əlaqədar təsvir olunan Nisr dağını yada salır. Gəmiqayanın yüksək ətəyindəki Nəbi yurdu (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki Qaranquş yaylağı Nuh peyğəmbər əsatirindəki dimdiyində dəfnə yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri qayıtmış qaranquş əhvalatının yadigarıdır.

        Çoxəsrlik tarixə malik olan Naxçıvan diyarı həmişə Azərbaycanın üzvi tərkib hissəsi olmuşdur. Naxçıvan – qədim türk-oğuz yurdudur. «Kitabi –Dədə Qorqud» dastanlarındakı yer adlarının çoxusu Naxçıvan ərazisində indi də yaşamaqdadır: Əlincə qalası, Dəvəşam, Şərur, Qaraçuq, Altuntaxt, Buğa çeşmə, Qazan göl, Sədərək, Günortac… Dədə Qorqudun Naxçıvandakı möhürləridir. Ən qədim dövrlərdə, eramızdan əvvəllərdən etibarən orta əsrlərədək Naxçıvan həmişə bir parçası olduğu ana Vətəni – Azərbaycanı təmsil etmişdir. Tarixin ən müxtəlif dövrlərində Naxçıvan Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin məsuliyyətli imtahanlarından keçmişdir. Böyük İpək Yolunun üzərində yerləşməsi bu diyarda iqtisadiyyatla yanaşı, elmin və sənətkarlığın da inkişafına səbəb olmuşdur. Naxçıvandan Şərqə: Təbriz-Həmədan-Məşhəd-Aşqabad yolları bu regiona türk-müsəlman sivilizasiyalarının axınlarını, buradan Qərbə: İrəvan-Tiflis-Batum-Ərzurum-Trabzon-İstanbul, yaxud Tiflis-Rostov-Moskva-Peterburq-Varşava yolları bura Avropa düşüncəsini gətirmişdir. Bu mənada Naxçıvan – Şərq ağırlıqlı Qərb düşüncəsini və mədəniyyətini özündə əks etdirir. Şərq müsəlman təfəkkürü də, Qərb iqtisadi-maarifçi təsəvvürləri də burada möhkəm milli əsaslara malik olan Naxçıvanın süzgəcindən keçərək özünəməxsus şəkildə həyata vəsiqə almışdır. Nəticədə Naxçıvanda qədim zamanlardan etibarən millilik və dünyəvilik baxışları aparıcı faktora çevrilmişdir. XII əsdə bir müddət Azərbaycan Atabəyləri dövlətinin paytaxtı funksiyasını uğurla həyata keçirməsi isə burada milli dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır. Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrdə tikilmiş məşhur Mömünəxatun məqbərəsi Azərbaycan milli memarlığının daş «Xəmsə»sidir. Sonrakı əsrlərdəki Naxçıvan tüməni, Naxçıvan bəylərbəyliyi, Naxçıvan xanlığı, Naxçıvan mahalı müxtəlif tarixi mərhələlərdəki inzibati-ərazi vahidləri, dövlət qurumları regionda milli maraqların qorunub saxlanılmasında, ölkəmizin taleyində və inkişafında özünəməxsus rol oynamışdır. XX əsrin əvvəllərində Naxçıvanda qurulmuş Araz-Türk Respublikası mürəkkəb hərbi-siyasi şəraitdə bu diyarın erməni təcavüzündən xilas edilməsinə və ölkənin ərazi bütövlüyünün təmin olunmasına uğurla xidmət etmişdir. Azərbaycan Demokratik Respublikası dövründə Naxçıvan Araz-Türk Respublikasını təmsil edənlərin istiqlalçılıq idealları uğrunda mübarizəsi yeni yaranmış müstəqil dövlətin ümummilli maraqlarının qorunmasına və möhkəmləndirilməsinə etibarlı bir dəstəyin reallaşması mənasında da mühüm əhəmiyyətə malik idi. Bundan sonra bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Naxçıvan Sovet Sosialist Respublikasının elan edilməsi əslində Sovet Rusiyasının Naxçıvanı tədricən Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-in tərkibinə daxil etmək istiqamətindəki məkrli oyunlarının təzahürü idi. Bir çox mürəkkəb və ziddiyyətli vəziyyətlərin meydana çıxmasına, dövrün tələblərindən doğan irəli-geri gedişlərin müşahidə olunmasına baxmayaraq, Azərbaycan Xalq Komissarlar Sovetinin Sədri Nəriman Nərimanovun və qısa müddətdə ölkə rəhbərliyində Xalq Ədliyyə Komissarı, Xarici İşlər Komissarı, Azərbaycan SSR-in Rusiya Sovet Federativ Respublikasındakı Fövqəladə nümayəndəsi, nəhayət Xalq Komissarlar Soveti sədrinin müavini vəzifəsində çalışmış Behbud ağa Şahtaxtinskinin möhkəm siyasi iradəsi və dönməz milli mövqeyi sayəsində atılmış məqsədyönlü tarixi addımların nəticəsində Naxçıvan bolşevik-erməni oyunlarından xilas edilmiş, Azərbaycan SSR-in tərkibində muxtariyyət statusu qazana bilmişdir. Behbud ağa Şahtaxtinski həm Rusiya mərkəzi hökumət orqanlarında, həm də Azərbaycan bolşevik təşkilatında müxtəlif vəzifələrə sahiblənmiş erməni millətçilərinin, hətta bir çox hallarda ümumi maraqlar adı altında onlara yaxın mövqedən çıxış edən bir qrup azərbaycanlı bolşeviklərin separatçı niyyətlərinin aradan qaldırılması cəbhəsində mərdliklə mübarizə aparmışdır.

      Sovet Rusiyasının rəhbəri Vladimir İliç Leninə yazdığı bəzi məqamlarda etiraz notası kimi səslənən rəsmi məktublar Behbud ağa Şahtaxtinskinin mükəmməl siyasi təcrübəyə və yetkin diplomatik düşüncəyə və cəsarətli mövqeyə malik olduğunu aydın surətdə nümayiş etdirir. Leninə ünvanlanmış 13 avqust 1920-ci il tarixdə yazılmış məktubdakı aşağıdakı sətirlər Behbud ağa Şahtaxtlının siyasi dünya görüşü və şəxsiyyəti haqqında aydın təsəvvür yaratmağa imkan verir: «Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir. Çünki buradan bir dəmir yolu xətti İranın Maku xanlığına və oradan Türkiyənin Bəyazid şəhərinə, digər isə İranın Təbriz şəhərinə aparır. Beləliklə mühüm dəmir yol məntəqəsi kimi Naxçıvan diyarı bizi Türkiyə ilə və İranın zəngin əraziləri ilə birləşdirir. Daşnakların xeyrinə bu vacib birləşdirici məntəqədən Azərbaycan və Rusiya imtina etməməlidirlər. …Bu diyarın Ermənistana verilməməsi xalqın özünütəyin prinsipi və Sovet Azərbaycanının hüquqlarını pozur… Ümid edirəm ki, Sovet Rusiyasının hökuməti mənim bəyanatımı diqqətsiz qoymayacaq, Sovet Azərbaycanının və Sovet Rusiyasının özünün hüquq və maraqlarının pozulmasına yol verməyəcəkdir». Azərbaycan mərkəzi hökumətində erməni bolşeviklərinin və onların tərəfdarlarının təzyiqilə 1920-ci ilin dekabrında Naxçıvanın Ermənistan SSR-ə verilməsi barədə bəyanatlar səslənərkən Behbud ağa Şahtaxtinskinin həyatını və karyerasını böyük risk qarşısında qoyaraq öz daxili iradəsi ilə, heç bir icazə almadan və razılaşma əldə etmədən Bakıdan Naxçıvana gəlməsi, yerli əhalinin kütləvi etirazlarını təşkil etməsi və referendum keçirilməsinə nail olması tarixdə az təkrar olunan hadisələrdən biridir. Əslində 1921-ci ilin yanvar ayında keçirilmiş referendumda əhalinin doxsan faizdən çoxunun Naxçıvanın Azərbaycan SSR-in tərkibində qalmasına səs verməsi ilə ərazinin və burada yaşayan azərbaycanlıların taleyi həll olunmuşdur. Bu mənada 1921-ci ilin yanvar referendumu Naxçıvanın Azərbaycanın tərkibində qalmasını və muxtariyyət qazanmasını təmin etmişdir. Azərbaycanın dövlətlərarası münasibətlərində mühüm tarixi əhəmiyyəti olan 1921-ci ilin Moskva və Qars müqavilələri ölkə rəhbəri Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin ideya və əməl birliyinin mühüm tarixi hadisəsidir. Moskva və Qars müqavilələrinin hazırlanması və imzalanması prosesinə Azərbaycan tərəfdən Behbud ağa Şahtaxtinski rəhbərlik etmişdir. Qars müqaviləsində Behbud ağa Şahtaxtinskinin imzası vardır. Moskva və Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtariyyət statusu qazanması təmin edilmişdir. Moskva və Qars beynəlxalq müqavilələri Azərbaycan dövlətinin tərkib hissəsi qismində Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi təminatıdır. Bütün bunlar 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılmasını hazırlanmış, bu tarixi faktın həyata keçirilməsinə real zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə xidmət edən böyük tarixi hadisədir. Muxtar Respublika statusu Naxçıvanın regionda ölkəmizin ərazi bütövlüyünün mühafizə edilməsində Azərbaycan dövlətinin mövqeyinin qorunub saxlanılmasına və daha da genişləndirilməsində rolunun və imkanlarının qüvvətlənməsinə imkan yaradır.

      Xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən böyük uzaqgörənliklə regionun erməni təcavüzündən xilas edilməsində beynəlxalq statusa malik Qars müqaviləsinin müddəalarını ön mövqeyə çəkmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Qars müqaviləsi əsasında apardığı məqsədyönlü dövlətçilik siyasəti müstəqilliyin başlanğıc illərində Azərbaycan-Türkiyə münasibətlərinin, region dövlətləri ilə əlaqələrin yenidən qurulmasında, Muxtar Respublikanın ərazi taleyinin beynəlxalq hüquq çərçivəsində həll edilməsində dünya ictimaiyyətinin problemə ciddi münasibət bəsləməsinin təmin edilməsində mühüm rol oynamışdır.

      Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə keçirilmiş təntənəli yığıncaqdakı tarixi nitqində muxtariyyət tarixinə və bu siyasi-hüquqi statusun müasir əhəmiyyətinə verdiyi qiymət beynəlxalq hüququn da, Azərbaycan reallıqlarının da mahiyyətini aydınlaşdırır: «Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mubarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün… Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir». Çox məsuliyyətli, mürəkkəb və gərgin hərbi-siyasi şəraitdə Naxçıvan Muxtar Respublikasının erməni işğalından xilas edilməsi, regionun siyasi-hüquqi təminatının möhkəmləndirilməsi, burada iqtisadi böhranı aradan qaldırması görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana əvəzsiz xidmətlərindən biridir. Naxçıvan Muxtar Respublikasının qorunub saxlanılması Azərbaycan dövlətinin sərhədlərinin bütövlüyünün təmin edilməsi uğrunda mübarizənin mühüm tarixi səhifəsidir. Böyük dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il tarixdə keçirilmiş sessiyasında hələ Sovetlər İttifaqı dağılmamış üç rəngli Azərbaycan bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi Azərbaycanın istiqlal tarixinin çox şərəfli hadisəsidir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası formatında qəbul olunmuş rəsmi siyasi-inzibati tərkibdən «Sovet Sosialist» sözlərinin çıxarılmasına qərar verilməsi də böyük siyasətin reallığı və siyasi uzaqgörənliyin əməli ifadəsidir. Həmin dövrdə məhz böyük dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi ilə həmrəy olan xalqın yekdil qərarı ilə SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvanda təşkil edilməməsi milli istiqlala xidmətdir.

      Görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışı ilə ölkə miqyasında böyük xilaskarlıq missiyası və bütövlükdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi vəzifələri qətiyyətlə və məqsədyönlü şəkildə həyata keçirilmişdir. Ölkəmizin digər regionları ilə bir sırada Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası da ulu öndər Heydər Əliyevin müdrik siyasətinin işığında özünün yeni inkişafı üçün real və etibarlı təminat qazana bilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün regionların, o cümlədən də Naxçıvan Muxtar Respublikasının ardıcıl olaraq, hərtərəfli və sistemli şəkildə inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində böyük proqramların həyata keçirilməsini təmin edir. Naxçıvan Muxtar Respublikası hazırda inkişafdan böyük intibaha doğru özünün yeni yüksəliş dövrünü yaşayır.

      Azərbaycanın müstəqillik epoxasının ən böyük göstəricilərindən biri də Naxçıvan Muxtar Respublikasının müasir yüksək inkişafıdır. Naxçıvan Muxtar Respublikasının hərtərəfli və sürətli inkişafı müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətidir. Naxçıvan Muxtar Respublikasının müasir inkişaf səviyyəsi özünəməxsus çətinlikləri olan blokada şəraitində də böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etməyin mümkünlüyünün isbatıdır. Muxtar Respublikanın paytaxtı qədim və çoxəsrlik tarixə malik Naxçıvan şəhəri Avropanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə oluna bilər. Naxçıvanda ordu quruculuğu da, aqrar siyasət də, sənayeləşmə də uğurla həyata keçirilməkdə davam edir. Naxçıvanın ən yüksək standartlara cavab verən gömrük xidməti sərhəd qapılarında ölkəmiz haqqında yüksək təsəvvür yaradan, iqtisadi təhlükəsizliyə təminat verən mühüm giriş nöqtələridir. Naxçıvanın duzu, mineral suları, dərman bitkiləri, Naxçıvan avtomobili… böyük bazarda özünəməxsus çəkiyə malikdir. Naxçıvan şəhərindəki beşulduzlu Təbriz və Duzdağ otellərinin beynəlxalq turizm üçün hər cür imkanları vardır. Milli mədəniyyətin aparıcılığı ilə və Şərq-Qərb mədəniyyətlərinin ənənələrinin sintezi əsasında yenidən qurulan Naxçıvan şəhəri şəhərsalmanın yeni modelini özündə cəmləşdirir. İndi nəinki Naxçıvan şəhərində, eyni zamanda Şərurda və Ordubadda da çox rahatlıqla beynəlxalq səviyyəli tədbirləri həyata keçirmək mümkündür. Türkdilli ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilməsi, region dövlətlərinin xarici işlər nazirlərinin Naxçıvanda toplaşması, bir çox rəsmi nümayəndə heyətlərinin Naxçıvana səfərləri Muxtar Respublikanın geniş mənada Azərbaycan üçün həm də yeni xarici siyasət məkanına çevrildiyini nümayiş etdirir. Dünyanın və Azərbaycanın görkəmli alimlərinin bir çox beynəlxalq elmi tədbirlərdə, «Uluslararası qaynaqlarda Naxçıvan» (1996), «Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan» (2009), «İlkin şəhər və Duzdağ» (2012) və sair kimi aktual məsələlərə həsr edilmiş simpoziumlarda Naxçıvanda müzakirələr aparmaları Naxçıvanın həm də cəlbedici elmi mərkəzlərdən birinə çevrildiyini əyani şəkildə nümayiş etdirir.

Naxçıvan Dövlət Universiteti dünyada müasir tipli ali məktəb səviyyəsinə örnəkdir. Dünyanın 10 ölkəsindən tələbələri olan, ölkəmizin bütün regionlarını təmsil edən gəncliyi özündə birləşdirən Naxçıvan Dövlət Universiteti beynəlxalq universitetlər mühitində qəbul olunan və ölkəmizdə özünəməxsus nüfuz qazanmış ali məktəbdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi özünün elmi məktəblərini yaratmaq yollarında inamla inkişaf edir. Son illərdə çap olunmuş çoxcildli ensiklopediyalar və antologiyalar, monoqrafiyalar və atlaslar Azərbaycan elminin Naxçıvan məktəbinin böyük uğurlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı əsasında hazırlanmış və «Əcəmi» nəşriyyatında 2013-cü ilin axırlarında nəşr edilmiş 3 cildlik «Naxçıvan tarixi»nin birinci cildi qədim diyarın möhkəm elmi əsaslara malik mükəmməl tarixi salnaməsini yaratmaq istiqamətində atılmış böyük addımdır. Azərbaycan Milli Elmlər Akademiyasında və Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən elm adamlarının çoxillik axtarışlarının nəticəsi kimi meydana çıxmış və zəngin elmi mənbələrlə yanaşı, həm də nadir yerli tədqiqat materialları əsasında yazılmış «Naxçıvan tarixi» Azərbaycan tarixşünaslığına qiymətli əlavədir.

   Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvanşünaslıq Mərkəzində yaradılmış elektron kitabxanalar dünyanın ən müasir elmi mərkəzlərinə və kitabxanalarına çıxış imkanlarına malikdir. Naxçıvanın universitet görkəminə malik olan bütün ali və orta məktəbləri ən müasir informasiya texnologiyaları ilə təchiz edilmişdir. Yeni salınan “Naxçıvan” Universiteti kompleksi XXI əsrin universitet quruculuğunun əsas göstəricilərini özündə əks etdirir.

       Azərbaycan bəstəkarlığının və ölkə rəssamlığının Naxçıvan məktəbi vahid ümummilli mədəniyyətimizi zənginləşdirən töhfələr verə bilir. Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatını milli düşüncəni inkişaf etdirən əsərlərlə daha da zənginləşdirir. Hazırkı dövrdə ədəbi prosesdə bu diyardan Azərbaycana və dünyaya ucalmış böyük demokrat ədib C. Məmmədquluzadənin, tarixi roman məktəbinin yaradıcısı M. S. Ordubadininın, romantizm ədəbi cərəyanının banisi H. Cavidin adı və ölməz sənəti ilə bağlı ənənələrin müsirlik ruhunda yaradıcılıqla davam etdirməyin məsuliyyəti yaşamaqdadır. Hələ 1883-cü ildən fəaliyyətə başlamış Naxçıvan teatrı bütövlükdə Azərbaycan teatrının əsas inkişaf mərkəzlərindən biridir. Son illərdə Naxçıvan teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının qoyulması ölkə miqyaslı böyük mədəniyyət hadisəsidir. Bir sözlə, Azərbaycanın bu tarixi ərazilərində müasir həyat və ictimai-ədəbi mühit daim yeniləşir və inkişaf edir. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin yeni epoxadakı məqsədyönlü, düşünülmüş siyasətinin və müasir inkişafının mühüm göstəriciləridir. Bir neçə ölkənin coğrafiyasını əhatə edən bir regionda Azərbaycanın dövlətçilik maraqlarının qorunması və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Muxtar Respublikanın ölkə qarşısında məsuliyyətli bir hesabatıdır. Müstəqil Azərbaycan dövlətinin siyasətinin uğurla həyata keçirilməsi, regionda böyük quruculuq proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi, maarifçilik hərəkatının genişləndirilməsi, müasir inkişafın təmin edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çoxillik dövlətçilik təcrübəsinin, böyük əməllə əsil sədaqətin vəhdəti olan yorulmaz fəaliyyətinin real nəticələridir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında aparılan geniş miqyaslı işlərə həmişə yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi, «Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər».

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük quruculuq proseslərinə verdiyi qiymət aşağıdakı sözlərdə öz əksini tapmışdır: «Azərbaycanın digər bölgələri də inkişaf edir, amma Sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir… Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir». Naxçıvan Muxtar Respublikasının 95 yaşının tamam olması Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsidir. Naxçıvanda müasir inkişafın böyük təzahürləri Azərbaycanın dövlət müstəqilliyinin uğurudur. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində əldə olunan parlaq nəticələr qədim ənənələrə malik olan bu diyarın müstəqil Azərbaycan dövlətinə sanballı töhfələridir. Nuhdabandan, Nuhçıxandan başlanan böyük yolların, əsrlər boyu formalaşmış möhkəm təməllərin üzərində ucalan müasir Naxçıvan yeni Azərbaycanın qiymətli bir əsəridir.

      Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd ounması ölkəmizdə milli-mənəvi özünüdərk proseslərinin, ərazi bütövlüyü amalının daha da dərinləşməsinə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə meydan açan əhəmiyyətli böyük siyasi tarixi hadisədir.  Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik Muxtar Respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir».

     Azərbaycanın ayrılmaz bir parçası olan 5 min illik yaşa malik qədim Naxçıvanın muxtariyyətinin 95 illiyi mübarək olsun!

DAVAMI
  • 94

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirici təlim keçirilib

31 yanvar 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.


Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov Maliyyə Nazirliyində “mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər”, “dəm qazından zəhərlənmə və ondan qorunma yolları” mövzularında iştirakçılara məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Azadə Cəfərova fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları barədə və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları barədə tədbir iştirakçılarına  geniş məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, mövzulara aid video-çarxlar təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin  mətbuat xidməti
DAVAMI
  • 89

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən  kollegiya iclasında Baş nazirin müavini-maliyyə naziri Səbuhi Məmmədov 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxış edib.


Qeyd olunub ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması, yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub.

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2018-ci ildə gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsaitin mədaxil edilməsi təmin edilib. Büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət həyata keçirilməklə ötən il  2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb.

Səbuhi Məmmədov bildirib ki, dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, ayrılan vəsaitlərin təyinatına uyğun istifadə olunmaması, əməkhaqqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, müəyyən olunmuş smetadan kənara çıxılması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi halları aşkarlanaraq rəsmiləşdirilib, qanunamüvafiq qaydada intizam tənbehi, cərimələr və digər tədbirlər tətbiq edilib. Əsassız xərc, cərimə və dəymiş zərərə görə 371 min manat məbləğində vəsait dövlət büdcəsinə geri qaytarılıb.

Vurğulanıb ki, ötən il Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum-Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb.

Səbuhi Məmmədov bildirib ki, 2019-cu il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri sosialyönümlü olmaqla büdcə xərclərinin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılması diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlarda maliyyə intizamının gücləndirilməsi, israfçılığın qarşısının alınması, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitlərindən qənaətlə istifadə olunması istiqamətində aidiyyəti tədbirləri 2019-cu ildə də davam etdirəcək. Maliyyə Nazirliyi üçün müəyyənləşdirilmiş tapşırıqların icrası məqsədilə nazirliyin müvafiq Tədbirlər Planı təsdiq edilib, icra olunması üçün bütün struktur bölmələrə çatdırılıb.

Məruzə ətrafında çıxışlar edilib. İclasda  2019-cu ilə dair iş planı təsdiq olunub.

Naxçıvan Muxtar Respublikası

Maliyyə Nazirliyinin  mətbuat xidməti

DAVAMI
  • 85
Sosial şəbəkələrdə biz