Mühasiblər və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib - FOTO Mühasiblər və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi” III muxtar respublika müsabiqəsi keçirilib.
Müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 48 nəfər iştirak edib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında olan misilsiz xidmətlərindən bəhs edib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib. Bu isə öz növbəsində mühasiblərin bilik və bacarıqlarının beynəlxalq tələblərə cavab verməklə artırılmasını zəruri edib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mühasiblər arasında rəqabətin artırılmasına, bilik və bacarıqlarının dünya standartlarına uyğun olaraq təkmilləşdirilməsinə şərait yaratmaq, əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblər, həmçinin tələbələr üçün uyğun olan fərqli sual kitabçaları təqdim olunub. Kitabçada əks olunan suallar açıq və qapalı tipli olmaqla nəzəri və praktiki test tapşırıqlarını əhatə edib. İkinci mərhələ müəssisə və təşkilatda baş verən əməliyyatların uçotunu və beynəlxalq standartlara uyğun maliyyə hesabatlarının tərtib edilməsini təşkil edən praktiki məsələ həllindən ibarət olub. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqə 3 saat müddətində davam edib. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılaraq, hər mərhələ üzrə 50 bal, ümumilikdə 100 bal üzərindən hesablanıb.
Növbəti gün Maliyyə Tədris Mərkəzinin Tədris zalında mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə Mehriban İmanova müsabiqənin gedişatı ilə bağlı iştirakçıların təəsüratlarını öyrənib, təkliflər dinlənilib və müsabiqənin nəticələri haqqında məlumat verib. Mühasiblər arasında ən yüksək nəticə toplayan ilk üç yerin sahibi Şamxal İbrahimov, Aytən Mənsumzadə, Camal İbrahimli və tələbələrdən Nail Mustafazadə, Aytən İmanova, Ramil Qurbanova plaket, diplom və hədiyyələr təqdim edilib. Əlamətdar il münasibətilə növbəti yerdə qərarlaşan iştirakçılara həvəsləndirici mükafat verilib.