“Mən mühasib olmaq istəyirəm!” təliminə start verilib

29 yanvar 2024-cü il tarixindən başlayan təlimdə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 70 nəfər iştirak edib.
Təlimin ilk günündə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bir əsrlik tarixə malik olan Naxçıvan muxtariyyətinin yarım əsrinin Ümummilli Lider Heydər Əliyevin siyasəti ilə formalaşdığını və dövlət gənclər siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib.

Təlim zamanı mərkəzin baş mütəxəssisi Aytən Mənsumzadə mühasibat uçotunun mahiyyəti və mühasibin müəssisədəki rolunun vacibliyindən danışıb, maliyyə bərabərliyi, onun tərkib elementləri, əməliyyatlar əsasında müxabirləşmələrin aparılması və bu əməliyyatların maliyyə bərabərliyinə təsirini əyani misallar üzərində izah edib.
Proqrama uyğun olaraq təlimin sonrakı iki gün ərzində davam edəcəyi nəzərdə tutulub.
