Mühasiblər üçün iki günlük təlim keçirilib


 16-17 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük “Aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı təlim təşkil olunub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarından 12 maliyyə-mühasibat işçisi cəlb olunub. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və mahiyyəti barədə məlumat verib. Bildirilib ki, mühasibat uçotunun müasir uçot sistemi və beynəlxalq standartların prinsiplərinə uyğun təşkil olunması dövrün əsas tələbidir. Bu isə paralel olaraq mühasibat uçotu sahəsində çalışan işçilərin ixtisaslarının təkmilləşdirilməsini, onların inkişaf etmiş ölkələrin təcrübəsinin, peşəkar mühasib etikası normalarının öyrənilməsini mühüm vəzifə kimi qarşıya qoyur.  Bu günkü təlimin də əsas məqsədinin Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq təşkilatın aktivlərinin uçotda əks olunması qaydaları ilə bağlı biliklərin artırılması olduğu iştirakçıların diqqətinə çatdırılıb.
   Təlimin ilk günü Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanovun təqdimatında “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” mövzusu ilə bağlı təlim keçirilib. Təlim zamanı qısamüddətli aktivlərin təsnifatının düzgün aparılması ilə bağlı məlumat verilərək, onların idarəedilmə mexanizmləri, qiymətləndirmə metodları, uçotu və hesabatda əks olunması slaydlar vasitəsilə izah edilib.
   Təlimin növbəti günündə “Uzunmüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” mövzusu tədris edilərək təşkilatda baş verən müxtəlif əməliyyatlar zamanı uzunmüddətli aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılası və uçotda əks etdirilməsi qaydaları praktiki olaraq izah edilib, iştirakçıların sualları cavablandırılıb.
   Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim edilib.

  • 437
Sosial şəbəkələrdə biz