“Gələcək üçün maliyyə” adlı təlimlərə start verilib

 Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində ilk təlim 28 iyul 2021-ci il tarixində Ağbulaq İstirahət Mərkəzində keçirilib. Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr və könüllü gənclər iştirak edib. 50-dən çox tələbənin cəlb olunduğu təlimin keçirilməsində əsas  məqsəd tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir.
      İlk olaraq Maliyyə Tədris Mərkəzinin əməkdaşı layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamla bağlıdır. Tələbələrin bu layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyat təcrübəsinə yiyələnmələrinə kömək göstərir.
     Tədbirin proqramına uyğun olaraq Mərkəzin əməkdaşı Pərviz Babayev tərəfindən “Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə nədir, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi, yığım və investisiyanın əhəmiyyəti və digər mövzular haqqında  ətraflı məlumat verilib. Tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 5 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr  təqdim olunub
  • 345
Sosial şəbəkələrdə biz