Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib
26-27 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Təqdimat zamanı maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və növləri haqqında məlumat verilib, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında qeyd olunmasının elmi əsasları izah edilərək sınaq balansının tərtib olunması qaydaları və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq test mərhələsi keçirilib.
Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktiki tapşırıqlar yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Hər təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.