İstehsalat təcrübəsində olan tələbələrlə layihə həyata keçirilmişdir

“Naxçıvan” Universitetinin Maliyyə və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisası üzrə istehsalat təcrübəsinə cəlb olunan tələbələr arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihə həyata keçirilib. Layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına stimul verir. Sərəncamın icrası ilə əlaqədar tələbələrə peşə vərdişləri aşılanır. Həmçinin   Maliyyə Nazirliyinə istehsalat təcrübəsinə cəlb olunan tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün lazımi işlər görülür. 25 aprel Sahibkarlar Günü” münasibətilə təşkil olunan layihənin həyata keçirilməsində də  məqsəd  gənclərdə ilkin sahibkarlıq anlayışlarının formalaşdırılması və onlarda mövcud olan sahibkarlıq bacarıqlarının müəyyənləşdirilməsi, eyni zamanda uğurlu biznes ideyalarının seçilib reallaşdırılması üçün maliyyə savadlılığının artırılmasıdır.
Mehriban İmanova  qeyd edib ki, sahibkarlıq fəaliyyəti iqtisadi  sosial tərəqqinin əsas şərti olduğu üçün, belə maarifləndirici təlimlərin keçirilməsi hamiliyə verilən tələbələrin startap, sahibkarlıq fəaliyyəti ilə bağlı biliklərinin formalaşması və layihələrin hazırlanması mühüm əhəmiyət kəsb edir.
Maliyyə Nazirliyinin əməkdaşları Qənbər Xudiyev və Pərviz Babayevin təqdimatında keçirilən  “İdeyadan uğurlu biznesə” adlı modulda iştirakçılara ideya nədir, biznes ideyası necə yarana bilər, biznesin yol xəritəsi, uğurlu biznes ideyaları, biznes planın qurulması, onun maliyyə təminatı və digər mövzulara dair slaydlar vasitəsilə məlumat verilib.
“Sahibkarlıq və maliyyə bilikləri” adlı növbəti modulda sahibkarlıq anlayışı, sahibkarlıq fəaliyyətinin növləri, maliyyə resurslarının idarə olunması, maliyyə nəticələrinin qiymətləndirilməsi yolları izah edilib.
Sonra komandalar arasında, bir ilk olaraq, beynəlxalq səviyyəli “Marshmallow” interaktiv stimullaşdırma oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd tələbələr arasında komanda işinin təşkili, biznesin və vaxtın idarə edilməsi kimi bacarıqları təkmilləşdirməklə qarşıya çıxacaq uğursuzluqların səbəblərini və müvəffəqiyyət qazanmağı öyrətməkdən ibarətdir. Oyun zamanı tələbələrə verilən ləvazimatlarla ən yüksək tikilini inşa etmək tələb olunub. Keçirilən interaktiv oyunların nəticələrinə görə birinci yerə “ Biznes”, ikinci yerə “İdeya”,  üçüncü yerə isə “Startap” komandaları layiq görülmüşdür.
Təlimin sonunda komandaların internetə çıxışı təmin edilməklə “Kahoot” - biliyin ölçülməsi sistemi vasitəsilə iştirakçıların bilik və bacarıqları qiymətləndirilib, qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

  • 592
Sosial şəbəkələrdə biz