Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dəyirmi masa keçirilib
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mühasibat uçotunun təşkilinin mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova qeyd edib ki, dəyirmi masanın təşkilində məqsəd muxtar respublikanın müəssisə və təşkilatlarında mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkili və gələcək inkişaf istiqamətlərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanına hazırlığın vəziyyətinin müzakirəsidir.
Sonra mühasiblərin peşəkar sertifikasiyası prosesinin təşkili, imtahanların keçirilməsi qaydaları ilə bağlı Maliyyə Tədris Mərkəzi tərəfindən hazırlanan maarifləndirici videoçarx nümayiş olunub və bukletlər təqdim edilib. Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadiyyat şəraitində mühasibat uçotunun aktual məsələləri”, “Naxçıvan” Universitetinin müəllimi Elvin Əlimərdanov “Yeni iqtisadi şəraitdə mühasibin qarşısında duran vəzifələr və əsas tələblər”, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkilinin əsas istiqamətləri”, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi Faiq Abdullayev “Sahibkarlıq subyektlərində mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılmasının zəruriliyi” mövzularında çıxış ediblər. Sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb, suallar cavablandırılıb.