Mədəniyyət işçilərinin vahid elektron reyestri ilə bağlı təlimlərə yekun vurulub

Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 29 mart tarixindən start götürən və muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin cəlb edildiyi təlimlərə 2 aprel tarixində yekun vurulub. Ümumilikdə təlimlərə mədəniyyət sahəsində çalışan 29 nəfər cəlb edilib. Keçirilən təlimlərin məqsədi mədəniyyət işçilərinin əməkhaqqı cədvəllərinin artıq yeni qurulmuş sistem üzərindən işlənilməsidir.
Təşkil olunmuş təlimlərdə Mədəniyyət Nazirliyi strukturuna daxil olan və tabeliyində olan müəssisələrdə çalışan işçilərinin vahid elektron reyestri sistemində qurulmuş yeni modulun - əməkhaqqı ödəniş cədvəllərinin işlənilmə mexanizmi Nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən təlim iştirakçılarına praktiki izah olunub. O qeyd etmişdir ki, yeni qurulmuş sistem vasitəsilə digər mədəniyyət müəssisələri ilə yanaşı, uşaq musiqi məktəblərinin də əməkhaqqı ödəniş cədvəllərinin elektron hazırlanması mümkün olacaqdır.
Təlimdə həmçinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Vüsal Əsədov, Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev, Büdcə şöbəsinin əməkdaşları Ramil Hüseynov və Elxan Sultanov da iştirak etmiş, iştirakçıların sistemdə yeni dəyişikliklərin edilməsi haqqında rəy və təklifləri dinlənilmiş və onları maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır.
Qeyd edək ki, cari ilin aprel ayından etibarən muxtar respublikanın bütün mədəniyyət müəssisələrinin əməkhaqqı cədvəllərinin elektron qaydada sistemə işlənilməsi təmin ediləcəkdir.

  • 461
Sosial şəbəkələrdə biz