“Büdcə uçotu və hesabat” adlı iki gunlük təlim keçirilib
27-28 yanvar 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə uçotu və hesabat” adlı iki günlük təlimə yekun vurulub.
Təlimə Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisi cəlb olunub. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Tədbirin ilk günündə Mərkəzin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında məlumat verib, təlimin məqsədi, keçirilməsinin zəruriliyi onların diqqətinə çatdırılıb.
Sonra təlimçi-ekspert qismində Mehriban İmanovanın “Əməliyyatların maliyyə bərabərliyi qeydiyyatı” mövzusunda elektron materiallarla zənginləşdirilmiş çıxışı dinlənilib. Mühasibat uçotunun mahiyyəti və funksiyaları, baş mühasibin vəzifələri, yeni hesablar planının və mühasibat hesablarının quruluşu, müxtəlif təsərrüfat əməliyyatlarının maliyyə bərabərliyi düsturuna təsiri, mühasibat uçotunda ikitərəfli yazılışın üsulu haqqında iştirakçılara slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Təlimin ikinci günündə Mehriban İmanovanın “Maliyyə hesabatı formalarının hazırlanması metodu” mövzusu ilə bağlı çıxış olub. Mövzuya müvafiq olaraq müəssisələrdə aparılmış əməliyyatların mühasibat uçotunda əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması qaydaları izah edilib.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilib, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları və təlimlə bağlı Mərkəz tərəfindən hazırlanan bukletlər təqdim edilib.