Maliyyə Tədris Mərkəzində layihələrin təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar 29 dekabr 2020-ci il tarixində layihələrinin təqdimatı olub.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mehriban İmanova açaraq qonaqları salamlayıb, layihənin məqsədi haqqında danışıb. Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd, hami təşkilat olaraq, gələcək kadrların təkçə maliyyə sahəsində deyil, digər sahələrdə də olan istedadlarını üzə çıxarmaqdan ibarətdir.
İlk təqdimat “Naxçıvan” Universitetinin tələbəsi Həsənov Hüseyn tərəfindən hazırlanmış Maliyyə Tədris Mərkəzinin mobil tətbiqinin yaradılması ilə bağlı olub. Mobil tətbiqin yaradılmasında məqsəd Mərkəzin saytına daha asan daxil olmaq, mütəmadi olaraq yeniliklərlə tanış olmaq və saytın inkişafını sürətləndirməkdir. İstifadə olunan sistemdən asılı olaraq “Play Store” və ya “AppStore” vasitəsilə smartfona endirilən tətbiq maliyyə mühasibat işçiləri ilə sıx əməkdaşlıq yaratmağa və informasiyanın onlar tərəfindən daha tez əldə olunmasına imkan verəcək. Sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi Mahmud Rzayevin “Kriptovalyutanın maliyyə sisteminə təsiri - müsbət və mənfi tərəfləri” mövzusunda araşdırma işinin slaydlar vasitəsilə təqdimatı olub. Təqdimatın məqsədi gənclərin özlərini elmi tədqiqat sahəsi üzrə inkişaf etdirmək, tələbələrin effektiv təlimçilik və təqdimat bacarıqlarını, öz fikirlərini və mövzuya innovativ yanaşma xüsusiyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Tədbirdə Maliyyə Nazirliyi və Maliyyə Tədris Mərkəzinin əməkdaşları, həmçinin Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin müəllim və tələbə heyətindən ibarət nümayəndələr iştirak edib. İştirakçılardan “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə və Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, professor Teymur Abbasovun çıxışı olub. Çıxışlar zamanı qeyd olunub ki, belə layihələrin keçirilməsi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyaların, ictimai fəallığın artırılmasına stimul verir. Çıxış edənlər tələbələrə uğurlar arzulayıblar.
Sonda tələbələrin hazırladığı vətənpərvərliklə bağlı videoçarx izlənib və layihənin  qaliblərinə diplomlar təqdim olunub.



  • 507
Sosial şəbəkələrdə biz