Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair iki günlük təlimə start verilib
Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 12 nəfər iştirak edib.
Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək təlimin mahiyyəti barədə məlumat verib.
Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin birinci modulu üzrə “Əmək qanunvericiliyi” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının əmək qanunvericiliyi, işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadə, müqaviləyə xitam verilməsi qaydaları barədə slaydlar vasitəsilə geniş məlumat verib.
“Kadr işinin təşkili” adlı ikinci modul üzrə təlimçi-ekspert qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Arzuman İmanov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri, məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, məzuniyyətlərin müddətləri və verilməsi qaydaları, kadrlara dair tələblərin müəyyənləşdirilməsi haqqında geniş məlumat verib.
Təlimin ikinci günündə təşkilatlarda sənədlərin hazırlanması, hərəkəti, icrası, uçotu ilə əlaqədar olaraq sənədləşmə və kargüzarlıq işinin düzgün şəkildə aparılması və təkmilləşdirilməsi mövzusunda təlim keçiriləcək.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti