Şərur rayonunda “Maliyyə məktəbi” layihəsi çərçivəsində təlim təşkil olunub
18 noyabr 2021- ci il tarixində Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc dövlət qulluqçularının iştirak etdiyi “Gələcək üçün maliyyə” təlimi keçirilib.
Şərur rayonundan olan gənclərin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda keçirilən təlimin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında maliyyə savadlılığını təşviq etmək, onları gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaq olub.
Tədbirin əvvəlində Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı, gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən təlim və seminarlar haqqında ətraflı məlumat verərək bildiriblər ki, fərqli mövzularda keçirilən seminarlar, təlimlər rayon gənclərində dünyagörüşünün artırılmasına, gələcək karyera istiqamətləri üçün yeni bilik və bacarıqların qazanılmasına müsbət təsir edir və şəxsi inkişaflarına kömək olur. Davamlı olaraq keçirilən bu tipli təlimlər də məhz bu məqsədlərə xidmət edir.
Daha sonra Maliyyə Tədris Mərkəzinin təlimçiləri İbrahim Şərifov və Kərim Nəcəfov “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat veriblər. Təlim müddətində həmçinin mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarışlar keçirilib. Yarışların nəticələrinə əsasən ilk 3 yeri tutmuş komandalar təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində keçirilən təlimdə 40 nəfər gənc iştirak edib.