“Maliyyə məktəbi” layihəsi çərçivəsində Sədərəkdə keçirilən növbəti təlim başa çatıb


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Mədəniyyət Sarayında “Maliyyə məktəbi” layihəsi çərçivəsində “Gələcək üçün maliyyə” adlı növbəti təlim keçirilib. Təlimdə 30-dan çox gənc dövlət qulluqçusu iştirak edib. 
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıb. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqında məlumatlanır, ümumilikdə, maliyyə sahəsi ilə bağlı bilik, bacarıq, baxış və davranışlarını təkmilləşdirmək imkanı qazanırlar. 
Daha sonra Maliyyə Nazirliyinin əməkdaşı İbrahim Şərifov və “Könüllü təlimçi” layihəsində uğur qazanan Naxçıvan Dövlət Universitetinin tələbəsi Fuad Nəcəfzadə “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat veriblər. 
Təlimin sonunda mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarış keçirilib. Yarışın nəticələrinə əsasən “Əlincə” komandası birinci, “Zəfər” komandası ikinci, “Qafqaz” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Şərur rayonunda keçirilən təlimlə start götürən layihə, Sədərək rayonunun ardınca muxtar respublikanın digər şəhər və rayonlarından olan gəncləri də əhatə edəcək.

  • 538
Sosial şəbəkələrdə biz