Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim başa çatıb
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində ictimai sektor üçün “Ehtiyatlar” adlı mühasibat uçotunun beynəlxalq standartının nəzəri və praktiki izahı adlı növbəti ikigünlük təlim təşkil olunub.
Təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən, Dövlət Gömrük Komitəsindən, Dövlət Miqrasiya Xidmətindən, Dövlət Vergi Xidmətindən və digər təşkilatlardan 13 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti haqqında ümumi məlumat verib. Mehriban İmanova təlimlərin keçirilməsində məqsədin dövlət büdcəsindən maliyyələşən təşkilatlara beynəlxalq mühasibat uçotu standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
Təlimin ilk günü təlimçi Azər Məmmədov ictimai sektor üçün 12 saylı “Ehtiyatlar” adlı mühasibat uçotunun beynəlxalq standartının nəzəri izahı adlı modul ətrafında danışaraq qeyd edib ki, bu standartın məqsədi ehtiyatların uçot qaydalarını işləyib hazırlamaqdır. Təlim zamanı ehtiyatların mahiyyəti, təsnifləşdirilməsi, qiymətləndirilməsi, ilkin dəyəri, mümkün xalis dəyər, emal məsrəfi, məsrəflərin hesablanma üsulları, ehtiyatların ölçülməsi və digər mövzular ətrafında iştirakçılara məlumat verilib. Qeyd olunub ki, “Ehtiyatlar” adlı ictimai sektor üçün 12 nömrəli beynəlxalq mühasibat uçotu standartı eyni adlı 2 nömrəli standart əsasında hazırlanıb. Bu standartlar arasındakı fərqlər ayrı-ayrılıqda iştirakçıların diqqətinə çatdırılıb.
Növbəti gün praktiki izah moduluna uyğun olaraq müvafiq praktiki tapşırıqlar yerinə yetirilib. Sonda keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan mövzulara uyğun test mərhələsi keçirilib.
Aparılan qiymətləndirmənin yekun nəticələrinə görə ən yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.