Maliyyə Nazirliyi ilə Avropa İttifaqının monitorinq eksperti arasında videokonfrans keçirilib


5 avqust 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Avropa İttifaqının monitorinq eksperti arasında Naxçıvanda Avropa İttifaqının maliyyələşdirdiyi və icrası Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən həyata keçirilən “Qadınların dayanıqlı inkişafının səlahiyyətləndirilməsi” layihəsi ilə bağlı onlayn müzakirə keçirilib.
Konfransda Maliyyə nazirinin müavini Həsən İsmayılov, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova və baş mütəxəssis Zəhra İsmayılova iştirak edib.
Videokonfrans Maliyyə nazirinin müavini Həsən İsmayılovun layihənin yekunları və muxtar respublikaya qazandırdığı töhfələr barədə məruzəsi və milli monitorinq eksperti Arzu Cəfərlinin ünvanladığı suallar əsasında keçirilib. Həsən İsmayılov muxtar respublikada həyata keçirilən qadın siyasəti, onların məşğulluğunun təmin edilməsi, biznes imkanlarının genişləndirilməsi və ailə təsərrüfatlarının hər zaman dəstəklənməsi ilə bağlı geniş məlumat verib. Bildirilib ki, görülən tədbirlər qadınların həm fərdi sahibkarlığa, həm də ailə təsərrüfatına olan marağını daha da artırıb.
Sonra Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bu layihənin həyata keçiriliməsində Maliyyə Tədris Mərkəzinin mühüm rolu olduğunu qeyd edərək təşkil edilən təlimlərin qadınların biznes fəaliyyətinin elmi əsaslar üzərində qurulması və onların maliyyə savadlılığının təmin olunmasında xüsusi önəm daşıdığını vurğulayıb.
Sonda Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova layihə çərçivəsində Mərkəz tərəfindən görülmüş işlər barədə məlumat verərək dörd təlimin keçirildiyini, təlimlərdə 176 nəfərin iştirak etdiyini və bu iştirakçılardan         66 nəfərinə Maliyyə Tədris Mərkəzinin müvafiq sertifikatlarının təqdim edildiyini bildirib.
  • 472
Sosial şəbəkələrdə biz