Ordubad gəncləri də “Maliyyə məktəbi” layihəsinə qoşulublar

Ordubad rayon gənclərinin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda təlim təşkil olunub. Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə qazanc, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət olub. Təlim başlamazdan əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Səfərli iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü ifadə edib. 
Gənclər və İdman Nazirliyin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqda məlumatlanır, ümumilikdə maliyyə sahəsi ilə bağlı bilik, bacarıq, baxış və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər.
Sonra Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov tərəfindən “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat verilib, təlimlə bağlı hazırlanmış suallar əsasında intellektual yarış keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 30 gənc iştirak edib.
  • 433
Sosial şəbəkələrdə biz