Mühasiblər Maliyyə Tədris Mərkəzində növbəti təlimə cəlb edilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlər davam edir. Növbəti təlim “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı 3 saylı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri və praktiki izahı mövzusuna həsr olunub.
Proqrama uyğun olaraq Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək, təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışıb. Qeyd edib ki, təlimin keçirilməsində məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.
Mehriban İmanova bildirib ki, uçot siyasəti maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq olunan konkret prinsipləri, əsasları, şərtləri və qaydaları ifadə edir. İlk dəfə olaraq tədris edilən bu standartın da məqsədi uçot siyasətində və uçot qiymətləndirmələrində edilən dəyişikliklər üçün istifadə olunan meyarların müəyyənləşdirilməsindən ibarətdir. 
Təlimin ilk günü təlimçi Azər Məmmədov “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri əsasları modulu ətrafında çıxış edib. Azər Məmmədov bu standartın müəssisənin maliyyə hesabatlarının münasibliyinin və etibarlılığının artırılması, onların əvvəlki hesabat dövrlərinin və digər müəssisələrin maliyyə hesabatları ilə müqayisəliliyi üçün təyin etdiyini bildirib. Təqdimat əsasında təşkilatın uçot siyasətinin mahiyyəti, uçot qiymətləndirmələrində səhvlər, uçot siyasətinin seçilməsi, tətbiq edilməsi, dəyişdirilməsi və digər mövzular barədə məlumat verilib, müzakirələr aparılıb.
Növbəti gün “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının praktiki izahı modulu ətrafında bu istiqamət praktik olaraq izah edilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunub.
İki gün davam edən təlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və digər təşkilatlarda çalışan mühasibatlıq işçiləri cəlb edilib.
  • 481
Sosial şəbəkələrdə biz