Maliyyə Nazirliyində 2020-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələrə və yarımilin yekunlarına həsr olunmuş kollegiya iclasını maliyyə nazirinin müavini Həsən İsmayılov açıb. Bildirilib ki, ötən 6 ayda muxtar respublikanın dövlət büdcəsinin gəlirləri 55 milyon 468 min manat təyinata qarşı 103,1 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 1 milyon 699 min 87 manat çox vəsait mədaxil edilib. 2020-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 77,1 faizi və ya 44 milyon 97 min 206 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 19 faizi və ya 10 milyon 843 min 852 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,1 faizi və ya 1 milyon 186 min 941 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,8 faizi və ya 1 milyon 39 min 88 manatı isə digər mənbələr hesabına daxil olub.
Qeyd edilib ki, 2020-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 234 milyon 923 min 413 manat təyinata qarşı 219 milyon 603 min 226 manat və ya 93,5 faiz icra olunub. Büdcə xərcləri mərkəzləşdirilmiş büdcə üzrə 91,4, Naxçıvan şəhəri üzrə 92,4, Şərur rayonu üzrə 98 faiz, Babək rayonu üzrə 98,6 faiz, Ordubad rayonu üzrə 97,1 faiz, Culfa rayonu üzrə 98,1, Şahbuz rayonu üzrə 96,6, Kəngərli rayonu üzrə 97,5, Sədərək rayonu üzrə isə 98,1 faiz icra olunub. Yarımildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosialyönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 137 milyon 159 min 26 manat sərf olunub ki, bu da büdcə xərclərinin 62,5 faizini təşkil edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun sərəncamçısı kimi Maliyyə Nazirliyi tərəfindən fonda toplanılmış vəsaitlərin ictimaiyyətə açıq olmaqla, dəqiq və şəffaf uçotu aparılıb, vəsaitlərdən qaydalara uyğun və səmərəli istifadə nəzarətdə saxlanılıb. Bundan əlavə, bəhs edilən dövrdə büdcədən maliyyələşən və ya dotasiya alan təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində işləyən əməkdaşların peşə biliklərinin artırılması, onlar tərəfindən qanunvericiliyə əməl edilməsi və vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşılmasını təmin etmək məqsədilə maarifləndirmə işiləri davam etdirilib, Maliyyə Tədris Mərkəzi tərəfindən müxtəlif mövzuları əhatə edən 20 təlim keçirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
  • 343
Sosial şəbəkələrdə biz