“Yeni dövrün ən yaxşı mühasibi” adlı II muxtar respublika müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 15 iyun – Milli Qurtuluş gününə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi” adlı II muxtar respublika müsabiqəsi keçirilib.
Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta istisas təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qaydada qeydiyyatdan keçmiş, 45 nəfər iştirak edib. İştirakçıların vaxt imkanı nəzərə alınaraq müsabiqə günün birinci və ikinci yarısında təşkil edilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru çıxış edərək, Mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsindən, əldə olunan nailiyyətlərdən və tətbiq olunan yeniliklərdən danışıb. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də ənənəvi uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib. Bu isə öz növbəsində mühasiblərin bilik və bacarıqlarının beynəlxalq tələblərə cavab verməklə artırılmasını  zəruri edib. Bildirilib ki, keçirilən müsabiqənin də əsas məqsədi mühasiblər arasında  rəqabətin artırılmasına,  bilik və bacarıqların dünya standartlara uyğun olaraq təkmilləşdirilməsinə şərait yaratmaq, əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblər, həmçinin tələbələr üçün uyğun olan fərqli sual kitabçaları təqdim olunub. Kitabçada əks olunan suallar açıq və qapalı tipli olmaqla 25 tapşırıqdan ibarət olub.  Maliyyə uçotu, İctimai sektor üzrə Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını əhatə edən tapşırıqlar həm nəzəri, həm də praktiki məsələləri əhatə edib. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılıb.
Mühasiblər və tələbələr arasında ən yüksək nəticə toplayan ilk üç yerin  qaliblərinə  diplom, hədiyyə və Maliyyə Tədris Mərkəzinin sertifikatı təqdim edilib.
  • 538
Sosial şəbəkələrdə biz