Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. 
Mərkəzin Tədris Plan-qrafikinə uyğun olaraq təlimlər muxtar respublika dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatlarının aidiyyəti işçilərini əhatə edəcək.
Məhz bu istiqamətdə 15 fevral tarixində Maliyyə Tədris Mərkəzində “Vahid büdcə təsnifatının tətbiqi” adlı ilk təlimə start verilib. 3 saat müddətində planlaşdırılan təlim muxtar respublikanın müxtəlif büdcə təşkilatlarından 65 maliyyə və mühasibatlıq işçisini əhatə edib.
Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarzadə tərəfindən ümumi məlumat verilərək Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışılıb. Qeyd edilib ki, Qərara müvafiq olaraq vahid büdcə təsnifatında dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlıdır. Beynəlxalq təşkilatların təklifləri də nəzərə alınmaqla əlavə və dəyişikliklərlə təsdiq olunan büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.
Təsnifatda edilmiş əlavə və dəyişikliklərlə büdcə gəlirlərinin təsnifatı üzrə vergi və rüsumlar, eləcə də büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının geniş və əhatəli təsnifləşdirilməsi barədə Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Elvin Nağıyevin çıxışı dinlənilib, iştirakçılara gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumat verilib.
Dəyişikliyə müvafiq olaraq büdcə xərclərinin təsnifatı ilə bağlı Aparatın Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynov və Miryaqub Seyidovun büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı, təsnifatın bəzi xərc bölmələrinin genişləndirilməsi, bir sıra köməkçi bölmələrin strukturunun dəyişdirilməsi və büdcə xərclərinin iqtisadi təsnifatının yenidən işlənilərək bölmələrin sayında edilən dəyişikliklər barədə geniş çıxışı olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 2020-ci büdcə ilindən başlayaraq dövlət büdcəsindən maliyyələşən bütün qurumlarda tətbiq olunacaq Təsnifatın kağız daşıyıcılarda muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarına və Nazirliyinin yerli maliyyə orqanlarına göndərilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti
  • 95
Sosial şəbəkələrdə biz