Maliyyə Tədris Mərkəzinin direktoru Beynəlxalq “Workshop” da çıxış edib
Türkiyə Respublikasının Sakarya Universitetinin Sakarya Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Palatası ilə birgə təşkilatçılığı əsasında “Yeni iqtisadiyyat paradiqmasında kosmos mühasibatlığının yeri” adlı I Beynəlxalq “Workshop” keçirilib.
Sakarya şəhərində hibrit qaydada təşkil olunan “Workshop” da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova onlayn olaraq ““Ənənəvi kosmos” qavrayışından “Yeni kosmos iqtisadiyyatı” paradiqma dəyişiklinə yolçuluq” mövzusunda çıxış edib. Çıxış zamanı kosmosa uçuşun və kosmos əsrinin inkişaf mərhələləri, kosmosda olan peyklərın məqsədi, kosmos iqtisadiyyatının mahiyəti, ölçülməsi, strukturu, əldə olunan gəlirlər, dünya ölkələrinin kosmos büdcələri, ölkəmizin kosmos fəaliyyəti slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb. Araşdırma zamanı kosmos fəaliyyətinin müsbət və mənfi cəhətləri təhlil edilib, bu fəaliyyətin inkişafının davamlılığı və dinc məqsədlər üçün istifadə edilməsinə dair təkliflər verilib. Çıxış maraqla dinlənilib.
Qeyd edək ki, araşdırmalardan əldə edilən yekun nəticələr həm türk, həm də ingilis dilində hesabat şəklində çap olunacaq.