Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan IV kurs tələbələri arasında intellektual bilik yarışı keçirilib.
Tədbiri giriş sözü ilə  Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini  Həsən İsmayılov açaraq müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli idarəçilik sistemi haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ölkədə siyasi sabitliyin bərqərar olması nəticəsində  maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.  Büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Azərbaycan öz iqtisadi inkişaf sürətinə görə bütün dünyada öncüllər sırasında mövqeyini qorudu.
 İntellektual bilik yarışının keçirilməsində məqsədin təcrübə müddətində tələbələrin qazandıqları biliklərinin möhkəmləndirilməsi və qiymətləndirilməsi, eləcə də, əldə etdikləri biliklərin mənimsəmə dərəcəsini müəyyən etməkdən ibarət olduğunu bildirən Həsən İsmayılov  tələbələrə uğurlar arzulayıb.
Ümumilikdə yarışda 25 nəfərdən ibarət 5 komanda iştirak edib. Dörd mərhələdən ibarət olan yarış mühasibat uçotu, maliyyə, büdcə qanunvericiliyi və ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı mövzuları əhatə edən suallar əsasında keçirilib.  Maraqlı və gərgin keçən bilik yarışında öz fəallığı və intellektual səviyyəsi ilə seçilən qalib komandalar növbəti mərhələdə iştirak hüququ qazanıb. Yarış iki yarımfinal və bir final mərhələsindən ibarət olub. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib,   “Gəlirlər” komandası birinci , “Nəzarət” komandası ikinci, “Xəzinə” komandası üçüncü yerin qalibi olub.
Sonda nəticələrə uyğun olaraq qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları və hədiyyələr  təqdim olunub.
  • 179
Sosial şəbəkələrdə biz