“Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecində “Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib.
60-dan çox tələbənin iştirak etdiyi tədbirdə Kollecin direktoru Sona Məmmədova açılış nitqi edərək qonaqları salamlayıb.
Tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova ətraflı məlumat verib.
Sonra Maliyyə Nazirliyinin büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən "Dövlət büdcəsini anlayaq" mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Büdcə ilə bağlı əsas anlayışlar, büdcənin mahiyyəti, dövlət büdcəsinin gəlir və xərc istiqamətləri, Azərbaycan Respublikasının Büdcə sistemi, Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublika büdcəsinin və yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Maliyyə Nazirliyinin dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparıb. Təlim prosesində tələbələrin gəlir və xərclərinin səmərəli idarə olunması məqsədilə onlara tələbənin fərdi büdcəsinin tərtibi və planlaşdırılması ilə bağlı ətraflı nəzəri və praktiki məlumatlar verilib, fərdi büdcənin düzgün idarə olunmasının əhəmiyyətindən danışılıb, bunun üçün nəzərə alınmalı məsələlər geniş şərh olunub. Belə ki, ilkin büdcənin mümkün olan gəlir mənbələri və zəruri xərc istiqamətləri müəyyənləşdirilərkən reallıqların nəzərə alınması, obyektiv təhlil aparılmasının zərüriliyi qeyd edilib, bütün hallarda qənaət prinsipinin əsas götürülməsi tövsiyə olunub.
Təlimin sonuncu mərhələsində tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib. İştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertfikatlar təqdim edilib. Sonda qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
  • 232
Sosial şəbəkələrdə biz