Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 103 illiyi qeyd olunub.

Bu münasibətlə Maliyyə Nazirliyində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov  bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərar ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib. Sonra müxtəlif adlarla fəaliyyətini davam etdirən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il mayın 1-də imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi muxtar respublikada maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə, dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edərək dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir.
Qeyd olunub ki, ötən dövrlərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnaməyə müvafiq əlavə və dəyişikliklər edilmiş, Nazirliyin Aparatı, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi və Nazirliyin yerli bölmələrindən ibarət strukturu formalaşmışdır. Hal hazırda nazirlik sistemində ümumilikdə 176 əməkdaş fəaliyyət göstərir.
Çıxışının sonunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 103 illiyi münasibətilə maliyyə işçilərini təbrik edən nazir müavini Həsən İsmayılov bu müddətdə fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bütün əməkdaşlarının hal hazırda yaradılmış şəraitdən səmərəli istifadə edərək fəaliyyət istiqamətləri üzrə vəzifə öhdəliklərini bundan sonra da vicdanla icra etməyə çalışacaqlarından əminliyini vurğulayıb.
Sonda nazirlik əməkdaşlarının təbrik nitqləri dinlənilib.




  • 76
Sosial şəbəkələrdə biz