23 iyun dövlət qulluqçularının peşə bayramıdır


 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ və dövlət orqanlarında qulluq etmək imkanına malik olması təsbit olunub. “Dövlət qulluğu” anlayışı da Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə Konstitusiyada verilmişdir.
Azərbaycanda dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi məqsədilə 2000-ci ildə “Dövlət qulluğu haqqında” qanun qəbul edilmişdir. Qanunda dövlət qulluğu sahəsində hüquqi münasibətləri konkretləşdirən müddəalar öz əksini tapıb. Həmin vaxta qədər dövlət qulluqçularının fəaliyyəti əmək qanunvericiliyinin normaları və s. normativ-hüquqi aktlarla tənzimlənirdi. Bu qanunun qəbul olunması dövlət qulluğu sahəsində islahatların aparılmasında ən vacib addımlardan biri hesab olunmaqla yanaşı, dövlət qulluğu ilə əlaqədar vahid dövlət siyasətinin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Qanunun əsas məqsədi dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləmək olsa da, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlət qulluğunda vəzifə kimi qoyulmuşdur. 
Dövlət qulluğu sahəsində digər əlamətdar hadisə bu sahəyə məsul müvafiq icra orqanının yaradılması oldu. Ölkə başçısının 19 yanvar 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə müvafiq siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Komissiyanın fəaliyyətinin ən müsbət cəhətlərindən biri gənc, perspektivli kadrların dövlət qulluğu sahəsinə cəlb olunması ilə bağlı həyata keçirilən tədbirlərdir. Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanaraq dövlət qulluğuna qəbul edilmiş şəxslərin təxminən 80 faizini gənclər təşkil edir.
  • 26
Sosial şəbəkələrdə biz