"Gənclərdə Büdcə Savadlılığı" layihəsi çərçivəsində "Budcə anlayışı və ailə büdcəsinin idarəolunması" adlı təlim Ağbulaq İstirahət Mərkəzində" keçirildi

Muxtar respublikamızda təhsil sahəsinə göstərilən qayğı daim diqqətdə saxlanılır. Bu sahədə dövlət proqramları təsdiq olunur və layihələr həyata keçirilir.
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayır.

Layihə cərçivəsində növbəti təlim 4 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilmişdir.
Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimə 50-dən çox tələbə cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamla bağlıdır. Tələbələrin bu layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyat təcrübəsinə yiyələnmələrinə kömək göstərir.
Daha sonra tədbirin proqramına uyğun olaraq Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında ətraflı məlumat verilib.
Növbəti çıxış isə Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev tərəfindən olmuş, “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” mövzusunda təlim aparılmışdır. Mövzuya müvafiq olaraq gənclərdə tələbə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, tələbə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub.

  • 11
Sosial şəbəkələrdə biz