20 Yanvar faciəsinin 30-cu ildönümü

 “Azərbaycan xalqına qarşı dəhşətli cinayət - tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsindəyik. 1990-cı il yanvarından 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsinə rəğmən, xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirən, qanlı cinayətin təşkilatçılarını sərt ittiham edən, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirən Heydər Əliyev bu addımı ilə ümummilli lider olaraq Azərbaycanın hələ elan olunmamış müstəqilliyinin ilk tarixi səhifəsini yazdı. Şəhidlərin layiq olduqları status da məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı dönəmində rəsmiləşdi və 20 Yanvar hadisələri Azərbaycan Milli Məclisində siyasi qiymət alaraq SSRİ dövlətinin xalqımıza qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi.
Həmin faciə günlərində Bakıdan səsini ucaldan şeyxülislam Allahşükür Paşazadə sovet rejiminin ciddi təzyiq, təhdid və məhdudiyyətlərinə baxmayaraq, keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu etiraz məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Milyonlarla insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız var idi və şəhidlərin dəfn mərasimində müxtəlif dini konfessiyaların başçıları hamı ilə birgə idilər. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi, milli birlik, həmrəylik örnəyi kimi həkk olundu.
  • 112
Sosial şəbəkələrdə biz