Maliyyə Nazirliyində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlərə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində icbari tibbi sığortanın tətbiqi və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlərin keçirilməsinə başlanılıb.
Hazırlanan plan-qrafikə uyğun olaraq təlimlərə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatların, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aidiyyəti sahə üzrə çalışan işçiləri cəlb ediləcək.
5 mart tarixində start verilən ilk təlim 1 gün ərzində təşkil edilib, müxtəlif büdcə təşkilatlarından 40 maliyyə və mühasibatlıq işçisini əhatə edib.
Mərkəzin direktoru Sevinc Cabbarova təlim barədə ümumi məlumat verib, əhəmiyyəti və məqsədi barədə danışıb.
Sonra Nazirlik Aparatının baş məsləhətçi - mühasibi Məmmədnağı Əkbərovun tibbi sığortanın formaları, icbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari tibbi sığorta üzrə sığorta haqları, onların məbləğləri və dərəcələri, hesablanması, ödənilməsi, hesabatın təqdim olunması barədə geniş çıxışı olub.
Vergi Məcəlləsinə qəbul edilmiş əlavə və dəyişikliklərin mahiyyəti və istiqamətləri barədə Nazirliyin şöbə müdiri Zahid Qənbərovun çıxışı dinlənilib. Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən əsas vergi güzəştləri, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib
Sonda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və iştirakçılara təlimin əsas məqamlarının əks olunduğu bukletlər təqdim edilib.
Qeyd edək ki, mövzu ilə bağlı təlimlər 2020-ci ilin 17 mart tarixinə qədər davam edəcək.
  • 26
Sosial şəbəkələrdə biz