Maliyyə Nazirliyində 2021-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, cari ilin 6 ayında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 62 milyon 916 min 100 manat təyinata qarşı 108,8 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 5 milyon 549 min 146 manat çox vəsait mədaxil edilib.
Büdcə gəlirlərinin 74,5 faizi və ya 51 milyon 13 min 612 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 20,9 faizi və ya 14 milyon 274 min 822 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 3,2 faizi və ya 2 milyon 182 min 428 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,4 faizi və ya 994 min 384 manatı isə digər mənbələrdən daxil olub.
Qeyd olunub ki, 2021-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 260 milyon 793 min 677 manat təyinata qarşı 221 milyon 454 min 234 manat və ya 84,9 faiz icra olunub.
Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Verilən tapşırıqların icrasını daha da keyfiyyətlə və sürətlə həyata keçirilməsi məqsədilə görülən işlərin elektron platformada icrası üçün şərait yaradılmışdır. Ötən dövrdə muxtar respublikada xəzinədarlıq əməliyyatları üzrə maliyyə sənədlərinin real vaxt rejimində daxil edilməsi və nəzarətin həyata keçirilməsi üçün Nazirliyin elektron sisteminə yeni modullar əlavə edilmiş və təkmilləşdirmə işləri həyata keçirilmişdir. Elektron nəzarət mexanizmlərində əlavələr işlənilmiş, ilkin olaraq dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatın ştat cədvəlləri elektron şəkildə sistemə daxil edilmiş və zəruri olan bütün digər məlumatların əlavə edilməsi həyata keçirilmişdir. Beləliklə, müvafiq qurumların aylıq əməkhaqlarının hesablanması, dərəcələr və əməkhaqqına üstəlik qismində hesablanan digər əlavələrin vahid sistem vasitəsilə formalaşdırılmasına başlanılıb.
2021-ci ilin ötən altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət davam etdirilmiş, bununla da 3 milyon 701 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb.
Mütəmadi şəkildə aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların maliyyə və mühasibatlıq sənədlərində artıq hesablamalar və müxtəlif kənarlaşmalar nəticəsində dəyən ziyan müəyyənləşdirilib və maddi məsul şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilib. Ötən yarımildə əsassız xərc, cərimə və dəymiş zərərə görə 325 min 413 manat vəsait dövlət büdcəsinə geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların ştat cədvəllərinə və strukturuna yenidən baxılması, əsassız saxlanılan ştat vahidlərinin ixtisarı, büdcə müəssisə və təşkilatlarının balansında olan, saxlanılması üçün xeyli miqdarda vəsait tələb olunan əsas vəsaitlərin və istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi təmin olunmuş, dövlət büdcəsinin lüzumsuz xərclərinin azaldılmasına nail olunub.
Bildirilib ki, hesabat dövründə büdcədən maliyyələşən və ya dotasiya alan təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində işləyən əməkdaşların peşə biliklərinin artırılması, onlar tərəfindən qanunvericiliyə əməl edilməsi və vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşılmasını təmin etmək məqsədilə maarifləndirmə işi davam etdirilmiş, Maliyyə Tədris Mərkəzi tərəfindən müxtəlif mövzuları əhatə edən 25 təlim və mühasiblər arasında “Dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.
Nazir kollektivin diqqətinə çatdırıb ki, Altıncı çаğırış Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin beşinci sеssiyаsında Maliyyə Nazirliyinə dövlət büdcəsinin icrasına nəzarət tədbirlərinin gücləndirilməsi, əlavə xərclərə yol verilməməsi, büdcə vəsaitlərindən təyinatdan kənar və qanunsuz istifadənin qarşısının alınması tapşırılıb.
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri tərəfindən Maliyyə Nazirliyinin qarşısına qoyulmuş tapşırıqlar qarşıdakı fəaliyyət dövründə işdə rəhbər tutularaq icra olunmalı, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmaqla büdcə xərclərinin icrasına nəzarət daha da gücləndirilməlidir.
İclasda cari ilin 6 ayı ərzində görülən işlər barədə Büdcə şöbəsinin müdir müavini Elvin Nağıyev və Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi Ramil Kərimov məlumat veriblər.
İclasa Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziri Rafael Əliyev yekun vuraraq kollektivi verilən tapşırıqların icrasına dəqiq və məsuliyyətli yanaşmağa dəvət edib və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

  • 71
Sosial şəbəkələrdə biz