Maliyyə-iqtisad terminlər lüğəti işıq üzü görüb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə, “Milli iqtisadiyyatın maliyyəsi” şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İlhamə Məmmədovanın hazırladığı “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr edilmişdir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Mərkəzin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinin biri də tədris plan və proqramlarının, elmi-metodiki material və tədris vəsaitlərinin nəşr etdirilməsidir. Lüğətdə ölkədaxili maliyyə-iqtisad sistemində və beynəlxalq maliyyə əlaqələrində rast gəlinən maliyyə-iqtisad terminlərinin ingilis dilində qarşılığının verilməsi ölkədə maliyyə-iqtisad sahəsində vahid terminoloji mühitin yaradılmasına yardım edəcəkdir. Bu baxımdan lüğətin nəşri azərbaycan dilində işlədilən maliyyə-iqtisad terminlərinin ingilis dilində uyğunluğunun tapılması ilə davamlı və dinamik inkişaf strategiyasına əsaslanan elmtutumlu sahələrimiz üçün geniş müstəvidə imkanlar yaradacaqdır.Geniş oxucu kütləsinə təqdim olunan, 2700 söz və söz birləşməsini özündə əks etdirən bu lüğət iqtsadçılar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, maliyyə sisteminin inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı mənbə rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və iqtisad elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti, həmçinin bir sıra iqtisadi təşkilatların adlı siyahısı, dünya ölkələrinin pul vahidlərini əks etdirən cədvəllər və onların ingilis dilinə uyğunluqları öz əksini tapmışdır. Lüğətin fərqləndirici cəhətlərindən biri də odur ki, burada maliyyə sahəsini xarakterizə edən söz və ifadələrlə yanaşı, həm də işgüzar məktublar, şikayətlər və ərizələr kimi rəsmi sənədlərin tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilib.Sözügedən azərbaycanca-ingiliscə tərtib olunan nəşr eyni zamanda Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə nəşr olunan ilk tədris materialıdır.Mərkəzin vəzifələrinin yerinə yetirməsini təmin etmək məqsədilə gələcək dövrlərdə də aktual mövzuları əhatə edən nəşrlərin dərc olunması nəzərdə tutulub

  • 71
Sosial şəbəkələrdə biz