Muxtar respublikada ilk dəfə olaraq mühasiblərin müsabiqəsi olub

6-7 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Yeni dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.
 Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək il ərzində Mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsindən, əldə olunan nailiyyətlərdən və tətbiq olunan yeniliklərdən danışıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən ölkə prezidenti ötən illər ərzində həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib. Bu isə öz növbəsində mühasiblərin bilik və bacarıqlarının beynalxalq tələblərə cavab verməklə artırılmasını zəruri edib.  Bildirilib ki, keçirilən müsabiqənin də əsas məqsədi yeni dövrün tələblərinə cavab verən mühasiblər arasında  rəqabətin artırılmasına şərait yaratmaq və əmək bazarında   mühasib peşəsinə olan marağı  stimullaşdırmaqdan ibarətdir.
Sonra uğurlu mühasib olmağın yollarını əks etdirən stimullaşdırıcı videoçarx nümayiş etdirilib,  mühasibat uçotu üzrə test imtahanı keçirilib. 35 sualdan ibarət olan imtahan tələbə və maliyyə-mühasibat işçilərinin bilik səviyyəsinə uyğun olaraq iki fərqli test nümunəsi əsasında təşkil edilib. Bu suallar açıq və qapalı tipli olmaqla həm nəzəri, həm də praktiki məsələləri özündə birləşdirib. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılıb.
Növbəti gün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında maarifləndirici seminar keçirilib. “Mühasib peşəsinin incəlikləri” mövzusunda  keçirilən seminarda mühasib peşəsinin üstünlükləri, günümüzdə mühasiblərdən  tələb olunan bacarıqlar, mühasibin qarşısında duran vəzifələrə  dair təqdimat olub, imtahan suallarına izah verilib, mübahisəli məsələlərə aydınlıq gətirilib.
Tələbə və mühasiblər arasında ən yüksək nəticə göstərən ilk üç yerin qalibinə  diplom,  sertifikat və hədiyyələr təqdim olunub.

  • 462
Sosial şəbəkələrdə biz