“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılması qaydaları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müxtəlif qurumlarla tələbələrin vaxtaşırı görüşləri keçirilir. Fakültə üzrə üç ixtisasın hamiliyə verildiyini bildirən dekan, hər ay mütəmadi olaraq belə görüşlərin təşkil edildiyini diqqətə çatdırıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklər qazanmasında bu cür tədbirlərin önəmini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Anar Həsənovun mühasibat uçotunun mahiyyəti, əsas məqsədi, vəzifələri, və metodu haqqında elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı dinlənilib. Bildirilib ki, mühasibat uçotunun qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
Məruzəçi mühasibatlıq nədir, smeta və xərclərin hesablanması, ehtiyat fondlarının qeydiyyatının aparılması, əməkhaqqı, onun hüquqi tərəfləri, hesablanma qaydası barədə məlumat verib. Qeyd edilib ki, tarif dərəcəsi, əməkhaqqına əlavələr və mükafatlar düzgün hesablanmalı, qanunvericiliyə əsasən tənzimlənməlidir. Görüşdə həmçinin əməkhaqqından işçi və müəssisə tərəfindən ödənilən ödəmələr, vergilər haqqında məlumat verilib. Məzuniyyət hüququ və bu hüququn təminatından danışan məruzəçi bildirib ki, məzuniyyətin əmək, təhsil və yaradıcılıq, sosial, ödənişsiz olmaq üzrə bir neçə növü var. Bunların hər biri qanuni olaraq işçinin hüququdur və təmin olunmalıdır. Keçirilən tədbirdə həmçinin əməkhaqqı cədvəli, bank sənədi haqqında da məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

  • 461
Sosial şəbəkələrdə biz