“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda iki günlük təlim keçirilib. Təlimin keçirilməsində məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir. İki gün 4 saat müddətində keçirilən  təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 12 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib. Təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılovanın “Məzuniyyət hüququ və onun həyata keçirilməsi qaydaları” mövzusunda elektron materiallarla zənginləşdirilmiş çıxışı olub. Çıxış zamanı məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri və müddətləri, məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geri çağırılma və başqa mövzular diqqətə çatdırılıb. Təlimin sonunda keçirilən mövzulara uyğun olaraq test mərhələsi keçirilib. 
Gündəliyə uyğun olaraq növbəti gün Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri–baş mühasibi Elvin Əlimərdanovun “Məzuniyyət hüququnun tənzimlənməsinin praktiki izahı” mövzusunda tapşırıqlarla zənginləşdirilmiş təqdimatı olub. Dinləyicilərə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin ödənilməsi, məzuniyyət haqqı hesablanarkən nəzərə alınan və alınmayan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydaları və digər modullar ətrafında lazımi məlumatlar verilib. Təlim praktiki işlə davam edib. 
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və biliklərin qiymətləndirilməsi mərhələsindən sonra yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

  • 406
Sosial şəbəkələrdə biz