“Yeni dövrün çağırışları: Rəqəmsal mühasibatlıq” mövzusunda seminar keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə seminar keçirilib. “Yeni dövrün çağırışları: Rəqəmsal mühasibatlıq” adlı seminara maliyyə-mühasibatlıq sahəsində çalışan 12 mühasib xanım cəlb olunub. Tədbirin keçirilməsində əsas məqsəd bütün sahələrə sürətli dəyişikliklər gətirən rəqəmsal keçidin mühasibat peşəsinə təsiri və gələcək gözləntilərlə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir. Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçıları salamlayıb, əlamətdar gün münasibətilə onları təbrik edib və iş fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, son illərdə informasiya texnologiyalarındakı inkişafa paralel olaraq maliyyə məlumatlarının və mühasibat əməliyyatlarının elektron mühitə ötürülməsinin təmin edilməsi peşələr üzərində bəzi köklü dəyişikliklərin baş verməsinə səbəb olmuşdur ki, onlardan  biri də mühasib peşəsidir.
Çıxış zamanı, mühasibat uçotunun inkişaf tarixi, mühasibatlıqda kompüter texnologiyasının tətbiqi mərhələləri və rəqəmsal mühasibatlıq haqqında məlumat verilib, yüksək texnologiyaların mühasibatlığa gətirdiyi yeniliklər, bu  yeniliklərdən  istifadənin  mühasiblərə verdiyi üstünlüklər və gələcəkdə peşəkar mühasiblərin üzərinə düşən vəzifələrə aydınlıq gətirilib.  Bildirilib ki, süni intellekt, robot texnologiyaları, bulud sistemləri, blok zənciri texnologiyası, e-sənəd idarəetmə sistemlərinin yaratdığı rəqəmsallaşma peşəkar mühasibat işçilərinin yeni texnologiyaların tətbiqinə uyğunlaşmasını olduqca əhəmiyyətli edir.
Sonda mühasib xanımlara sertifikatlar təqdim edilib.
  • 443
Sosial şəbəkələrdə biz