“Gənc maliyyəçilər” adlı intellektual bilik yarışı keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına təkan verir.
Bu Sərəncamın icrası ilə əlaqədar hamiliyə verilmiş ixtisasların tələbələri ilə görüşlər təşkil olunur, layihələr keçirilir və tələbələr təcrübələrə cəlb olunurlar. 16 noyabr 2020-ci il tarixindən Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsində iştirak edirlər. Təcrübə müddətində tələbələr tədris plan qrafikinə uyğun olaraq Nazirliyin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak edir, müvafiq şöbələrin iş fəaliyyəti ilə tanış olurlar.
Tədris olunan mövzularla əlaqədar tələbələrin qazandıqları biliklərin möhkəmləndirilməsi və qiymətləndirilməsi, eləcə də, əldə etdikləri biliklərin mənimsəmə dərəcəsini müəyyən etmək üçün Mərkəzin təşkilatçılığı ilə 23 dekabr 2020-ci il tarixdə hər iki təhsil müəssisəsinin tələbələri arasında “Gənc maliyyəçilər” intellektual bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd tələbələr arasında sağlam rəqabəti artırmaq və tələbələri həvəsləndirərək gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşmasına stimul verməkdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mehriban İmanova açaraq tələbələrə uğurlar arzulayıb və bu layihələrin davamlı olacağını qeyd edib. Bildirilib ki, yarışdakı sualların tərtib edilməsi, eləcə də yarış müddətində cavabların qiymətləndirilməsi üçün Nazirliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu yaradılıb.
Ümumilikdə yarışda 16 nəfərdən ibarət 4 komanda iştirak edib. Dörd mərhələdən ibarət olan yarış mühasibat uçotu, büdcə, daha sonrakı mərhələlərdə isə müvafiq olaraq dünyagörüşü və tematik plana əsasən hazırlanmış mövzuları əhatə edən suallar əsasında keçirilib. "Zəngilan" komandası birinci yerə, "Şuşa" komandası isə ikinci yerə layiq görülmüşdür.
Sonda nəticələrə uyğun olaraq qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları və oxunması zəruri olan kitablar təqdim olunub.
---
  • 453
Sosial şəbəkələrdə biz