Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 oktyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.


Tədbiri giriş sözü ilə açan universitetin İqtisad fakültəsinin dekanı, Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamının muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın inkişafından danışan Əşrəf Ələkbərov elmi-praktik tədbirlərin mütəmadi olaraq keçirilməsinin, Universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrinə təcrübi biliklərin öyrədilməsinin zəruriliyini qeyd etmişdir.

Nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin baş məsləhətçisi Aqil Nəsirov “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda çıxış edərək büdcə gəlirləri barədə, Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olması haqqında və 2017-ci ilin büdcə gəlirləri ilə müqayisədə cari ilin büdcə gəlirlərində yaranan artımı cədvəl və diaqramlarla tələbələrin diqqətinə çatdırmışdır.

Sonra Nazirliyin “Büdcə” şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxışında Azərbaycan Respublikasının büdcə sistemi haqqında və büdcə sisteminin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri barəsində danışaraq tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

  • 184
Sosial şəbəkələrdə biz