“Maliyyə məktəbi” layihəsi sona çatdı

   2021-ci ilin noyabr ayında start götürən “Maliyyə məktəbi” layihəsi çərçivəsində “Gələcək üçün maliyyə” mövzusunda təlim başa çatıb. Təlimin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət idi. Muxtar respublikanın şəhər və rayonlarını əhatə edən layihədə 150 nəfər gənc iştirak edib. 
     Layihənin sonuncu mərhələsi Kəngərli rayon gənclərinin iştirakı ilə təşkil olunub. Təlim başlamazdan əvvəl rayon icra hakimiyyətinin əməkdaşı Ramin Tahirov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü ifadə edib. 
    Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqda məlumatlanır, ümumilikdə maliyyə sahəsi ilə bağlı bilik, bacarıq və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər. 
    Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat verib. 
    Sonra təlimlə bağlı hazırlanmış suallar əsasında intellektual yarış keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri Maliyyə Tədris Mərkəzi tərəfindən sertifikatlar, qalib komanda olan “Zəfər” komandası isə hədiyyələr ilə təltif olunublar.
     Qeyd edək ki, ümumilikdə keçirilən tədbirlərdə Maliyyə Tədris Mərkəzinin 90 sertifikatı təqdim olunub.

  • 364
Sosial şəbəkələrdə biz