“Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Naxçıvan Müəllimlər İnstitutunda keçirildi


“Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 3 aprel 2019-cu il tarixində Naxçıvan Müəllimlər İnstitutunda 130-dan çox tələbənin iştirakı ilə baş tutub.Naxçıvan Müəllimlər İnstitutunun prorektoru,pedoqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov açılış nitqi etmiş və qonaqları salamlamışdır.
Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamın icrası ilə bağlıdır. Tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərə cəlb olunması onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsi, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmaları, həyat təcrübəsinə yiyələnmələri məqsədi daşıyır.
Sonra Maliyyə Nazirliyinin büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Maliyyə Nazirliyinin dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparıb. Gənclərdə tələbə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, təhlilinin vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Təlimin sonuncu mərhələsində tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar və ilk dəfə olaraq  Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək” Kargüzarlıq işinin aparılması” təlimində iştirak etmək hüququnu qazanmışdır. Təlimdə iştirak etmək hüququ qazanmış 4 tələbəyə Maliyyə Tədris Mərkəzi tərəfindən” Hədiyyə Sertifikatı” təqdim olunmuşdur. Sonda qalib olan Pedaqoji fakültənin komandasının hər bir üzvünə oxunması zəruri olan kitablar verilib.
  • 39
Sosial şəbəkələrdə biz