“İdeyadan başlanğıca” layihəsinə start verilib.

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında təlimlərə start verilib.
Təlimlər yalnız Maliyyə Nazirliyinin hami olduğu maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alanları deyil, bütün ixtisaslar üzrə təhsil alan tələbələri əhatə edərək onlara öz layihələrini işləyib hazırlamaq, əsaslandırmaq və təqdim etmək sahəsində istiqamətlər verməyi əsas götürür.
Mövzu ilə bağlı ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə yanaşı digər hami təşkilatların nümayəndələri və 100-dən artıq tələbə iştirak edib.
Tədbiri Kollecin direktoru Asəf Ruşanov açaraq Ali Məclis Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb, keçiriləcək təlimlərin tələbələrə verəcəyi töhfədən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Naziriliyinin aparat rəhbəri və Nazirlik üzrə Ekspert Qrupunun rəhbəri Tural Şirəlizadə çıxış edərək hamiliklə bağlı verilmiş ilk sərəncam əsasında görülmüş işlərin və əldə olunmuş uğurların ikinci sərəncam üçün necə özül hazırladığı barədə məlumat verib. 3 aprel tarixində imzalanmış Sərəncamın gənc fikirlərə verilən mütərəqqi bir dəstək olduğunu vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, Ekspert Qrupunun üzvü Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilmişdir. O, təqdimatında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.
Sonda tələbələrin ideyaları ilə bağlı Ekspert Qrupunun üzvləri ilə birlikdə ümumi fikir mübadiləsi aparılıb. Təklif olunan layihələrdə digər hami təşkilatların nümayəndələri də öz fikirlərini bölüşüblər.   
  • 118
Sosial şəbəkələrdə biz