Ümumi məlumat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirir;
  • dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri tərəfindən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdə çalışan mühasibat işçiləri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • maliyyə və mühasibat sahələrinin inkişafına dair elmi tədqiqatlar aparır;
  • maliyyə və mühasibat işçilərinin kadr siyasətinə dair təkliflər işləyib hazırlayır;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Mərkəz Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq mühasibatlıq işinin qurulması məsələlərinin dinləyicilər tərəfindən daha dərindən öyrənilməsini və yeni idarəetmə vərdişlərinin aşılanmasını təşkil edir.

Tədris prosesi mövcud normativlərə, təsdiq olunmuş qaydalara tam əməl edilməsi şərti ilə həyata keçirilir.

Tədris planlarına əsasən büdcədən maliyyələşən təhsil, mədəniyyət, hərbi, hüquq-mühafizə orqanları və sair qarışıq təşkilatlarda çalışan maliyyə və mühasibat işçiləri üçün tədris mateiralları hazırlanması prosesində bu sahədə mövcud olan qabaqcıl təcrübədən və elmi-praktik nailiyyətlərdən istifadə olunmasına diqqət yetirilir.

Fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadə edilməsinə diqqət yetirilir. Təlimin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə, təlimin ikinci hissəsində əldə edilən biliklər və vərdişlər konkret məsələlərin praktiki həllinə istiqamətləndirilir.

Maliyyə Tədris Mərkəzi tədris plan və proqramlarını, elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirməklə də məşğul olur. 2018-ci ildə Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr edilmişdir. Geniş oxucu kütləsinə təqdim olunan, 2700 söz və söz birləşməsini özündə əks etdirən bu lüğət iqtisadçılar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, maliyyə sisteminin inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı mənbə rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və iqtisad elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti, həmçinin bir sıra iqtisadi təşkilatların adlı siyahısı, dünya ölkələrinin pul vahidlərini əks etdirən cədvəllər və onların ingilis dilinə uyğunluqları öz əksini tapmışdır.

Mərkəz tərəfindən tədris prosesinə ixtisaslı kadrlar, alimlər, elm və təhsil müəssisələrinin mütəxəssisləri cəlb olunur. Növbəti kursumuzda da Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin iştirakı nəzərdə tutulmuşdur.

Təlimlərin effektivliyinin ölçulməsi və iştirakçıların bilik səviyyələrini öyrənmək məqsədi ilə kursun əvvəlində və sonunda test tapşırıqları vasitəsi ilə diaqnostik qiymətləndirilmənin aparılması nəzərdə tutulmuşdur.

Beləliklə, kurslarda əldə etdikləri bilikləri iştirakçılar iş prosesində tətbiq edib, öz sahəsini təkmilləşdirirlər.

Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən təlimlər muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, sağlam təməl əsasında qurulan maliyyə sisteminin yaradılmasına və hərbi hissələrdə maliyyə intizamının daha da yaxşılaşdırılmasına gətirib çıxaracaqdır. Bu sahədə görüləcək işlər muxtar respublikada yüksək ixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcəkdir.